Ermənistan müdafiə naziri Seyran Ohanyan iddia edib ki, Rusiya ilə havadan müdafiə sistemlərinin birləşdirilməsi İrəvana Moskvanı xəbərdar etmədən Rusiyaya məxsus qırıcıları və S300 raketlərini işlətməyə imkan yaradacaq.

ANS PRESS-in məlumatına görə, Ermənistanın ictimai televiziyası ilə çıxış edən Seyran Ohanyan deyib:

“Bu anlaşmanın çərçivəsində biz regional havadan müdafiə tapşırıqların yerinə yetirilməsi zamanı Rusiyanın dördüncü nəsil çox funksiyalı qırıcı təyyarələrindən, S300 sistemlərindən, raket əlyehinə imkanlarından istifadə edə bilərik. Hava kəşfiyyatı çərçivəsində geniş radiolakasiya imkanlarından da yararlana bilərik”.

Sözsüz ki, regional müdafiə tapşırıqları dedikdə erməni nazir Qarabağda baş verəcək döyüşləri nəzərdə tutub. Yəni onun dediyindən belə çıxır ki, Ermənistanla Rusiya arasında havadan müdafiə sistemlərinin birləşdirilməsi barədə saziş bağlandıqdan sonra İrəvan Qarabağda baş verəcək döyüşlərdə Rusiyanın Gümrüdəki hərbi bazasındakı raketləri və İrəvandakı rus qırıcı təyyarələrini istifadə edə biləcək.

Özü də, bununla bağlı İrəvanın Moskvadan icazə istəməsinə ehtiyac qalmayacaq: “Həm dinc, həm də döyüş şəraitində havadan müdafiə sisteminin erməni hissəsi Ermənistanın havadan müdafiə sisteminin və aviasiyasının komandanlığı altında olacaq. Əmrləri Ermənistan silahlı qüvvələrinin baş qərargahı, Ermənistan aviasiyası və Ermənistanın havadan müdafiə sistemi verəcək”.

Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov müsahibəsində Seyran Ohanyanın iddiasını boşboğazlıq kimi dəyərləndirib:

“Seyran Ohanyan, görünür, özünü 1990-cı illərdə, 366-cı alayda olduğu kimi hiss edir. Onda Ohanyan həmin alayda rota komandiri idi və komandiri Yuri Zarviqarovla birlikdə Rusiya hərbi texnikasından istifadə edərək Xocalı Soyqırımında iştirak etmişdi. İndi fikirləşir ki, kefi istəyəndə Rusiyanın 102-ci hərbi bazasının texnikasından öz bildiyi kimi yararlanacaq”.

Üzeyir Cəfərovun sözlərinə görə, əslində, dövr dəyişib və Rusiya dəflərlə bəyan edib ki, həmin silahlar Qarabağ münaqişəsində istifadə edilə bilməz: “Sadəcə, Ermənistanda son günlərdə Rusiya əleyhinə bəyanatlar çox səsləndirilməyə başlayıb. Müxalifət yönümlü deputatlar Rusiyanın aprel döyüşlərində Ermənistanı müdafiə etməməsini bildirir və Rusiya ilə havadan müdafiə sistemlərinin birləşdirilməsinin əleyhinə çıxırlar. Buna görə Seyran Ohanyan üzə çıxaraq ictimai rəyi sakitləşdirməyə çalışır”.

Rusiya ilə havadan müdafiə sistemlərinin birləşdirilməsinin əleyhinə çıxan müxalifət yönümlü deputatlar arasında Nikol Paşinyan və Zarui Postancyan xüsusilə seçilir. Zarui Postancyan «1in.am» saytına verdiyi müsahibəsində Rusiya ilə havadan müdafiə sistemlərinin birləşdirilməsi barədə parlament tərəfindən təxirə salınmış müqavilənin yenidən gündəmə gəlməsini Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticəsi kimi dəyərləndirib. Postancyan bildirib ki, görüşdə həm də Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə keçməsi barədə anlaşma əldə edilib. Təbii ki, bütün erməni siyasətçiləri kimi Postancyan da həmin torpaqları Azərbaycana qaytarmağa razı olduğu üçün Serj Sarkisyanı satqınlıqda günahlandırıb.

Amma göründüyü kimi, Seyran Ohanyan tam tərsinə fikir irəli sürür və Azərbaycan məhz bu varianta hazır olmalıdır. Rəsmi Bakı Rusiya hərbi bazasına aid silahların Azərbaycana qarşı işlədilməsi zamanı hansı addımları atacağını indidən müəyyən etməlidir. Rəsmi Bakı bu məsələyə həm texniki, həm də hüquqi baxımdan hazır olmalı, Ermənistan ordusunun istifadə etdiyi istənilən Rusiya hərbi texnikanı zərərsizləşdirməyi və Moskvadan hesab sormağı bacarmalıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın