“Rusiya Bakı və İrəvanla daim təmasdadır. Ermənistan və Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir”.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli anlaşmaların həyata keçirilməsinin alternativsizliyinin tərəfdarıdır.
Keçən həftə Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan parlamentin növbədənkənar toplantısında bildirib ki, Azərbaycanla sərhəddə yerləşən Sünik bölgəsindəki durumla bağlı hərbi kömək də daxil olmaqla, Putindən kömək istədiyini yazıb.
“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır. Həmçinin, biz Bakı ilə də daim təmasdayıq. İndi gərginliyi aradan qaldırmaq və durumu düzəltmək üçün güclü səylər göstərilir”, – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Rusiya prezidentinin Paşinyanın məktubunu alıb-almadığı barədə suala Kremlin sözçüsü cavab verməkdə çətinlik çəkib:
“Sizə dəqiq bir şey deyə bilmərəm, ancaq bütün bu məsələlər ikitərəfli danışıqlar zamanı dəfələrlə müzakirə edilib”.