“Şəxsi həyatımdan danışmağı sevmirəm. Amma bilirəm ki, bu, insanlarda maraq doğurur. Odur ki, bəlkə, mən də nə vaxtsa evlilik haqda düşünərəm və sizin marağınıza son qoyaram”.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin şəxsi həyatı barədə verilən suala belə cavab verib.

Aleksandr Kozlov adlı sakin bir müddət öncə qəzetlərdə keçmiş birinci xanım Lüdmila Aleksandrovnanın ərə getdiyini yazdıqlarını deyib və ölkə başçısından “ölkənin yeni birinci xanımı nə zaman təqdim ediləcək?” sualını verib.

Rusiyanın qonşularla münasibətləri yaxşıdır

Putin Türkiyəyə və Misirə uçuşların nə vaxtdan başlayacağı məsələsinə də aydınlıq gətirib. “Misirdə radikallarla mübarizə aparılır, biz vətəndaşlarımızı terror olan ölkəyə göndərə bilmərik. Eyni mənzərə Türkiyədə də var. Daxili problemləri bizi düşünməyə vadar edir. Onlar radikallarla mübarizə aparmaqdansa onlarla əməkdaşlıq edirlər. Burada, demək olar ki, hər gün terror olur. Təxminən 5 milyon rus ötən il orada istirahət edib”.

“Bizim qonşularla münasibətlərimiz yaxşıdır. Eləcə də Türkiyə bizim dostumuzdur. Moskva Ankara üçün dost olaraq qalır, lakin siyasətçilərlə problemlər var. Türklər çox mehriban xalqdır və bizim xalqımız da onlarla dost münasibətlərindədir”. Bunu bu gün canlı efirdə əhalinin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri deyib ki, onlar heç bir ölkə ilə münasibətləri korlamaq, onlarla düşmən olmaq istəmirlər.

12 yaşlı uşaq ona “Petro Poroşenko və Rəcəb Tayyib Ərdoğan arasında seçim qarşısında qalsaydınız, kimi seçərdiniz?” sualını ünvanlayıb. Putin sualı təbəssümlə qarşılayıb. “Sən məni pis vəziyyətdə qoydun. Əgər kimsə batıbsa və onu artıq xilas etmək mümkün deyilsə… Amma biz yenə də hər kəsə kömək əlimizi uzada bilərik, yetər ki, o, özü bizdən bunu istəsin”.

Əsas məsələ ABŞ-ın öhdəsindən gəlmək deyil

“Əzizim Alina, əsas məsələ ABŞ-ın öhdəsindən gəlmək deyil. Əsas məsələ ilk olaraq daxili problemləri həll etməkdir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı 1-ci sinif şagirdi Alina Əhmədovanın sualına cavab verərkən deyib. Azyaşlı qız ona belə sual ünvanlayıb: “Vladimir Putin, zəhmət olmasa deyin, bizim ölkənin rəhbəri qadın ola bilər? Atam deyir ki, bu ABŞ-ın öhdəsindən ancaq Putin gələ bilər”.

Rusiya prezidenti deyib ki, yollar, sağlamlıq, təhsil, iqtisadiyyatın inkişafı və s. kimi məsələləri həll edə bilsələr, o zaman heç kimin öhdəsindən gəlməyə ehtiyac qalmayacaq. “O ki qaldı ölkənin rəhbərinin qadın ola bilməsinə, bəlkə də, bu kimi məsələlərin öhdəsindən də elə qadınlar daha yaxşı gələr”.

Başqa bir uşaq  – Georgi Çirkov isə Putindən prezident olmaq üçün hansı fənləri öyrənmək lazım olduğunu soruşub. “Hamısını. Əsas odur ki, yaxşı oxuyasan”.

Dişin nə qədər az olsa, sıyığı bir o qədər çox sevirsən

“Mən sıyığı (“kaşa”) sevirəm və hər gün yeyirəm”. ANS PRESS-in məlumatına görə, bunu canlı yayımda ölkə sakinlərinin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.

Birbaşa efirdə Sankt-Peterburqdan olan 9 yaşlı Anastasiya Zaytseva adlı qızın “Siz sıyığı sevirsiniz? Uşaqlıqda sizi onu yeməyə məcbur edəndə nə edirdiniz?” sualına cavabında deyib ki, onu heç vaxt bu yeməyi yeməyə məcbur etməyiblər. Çünki onu heç vaxt görmək istəmədiyi işlə məşğul olmağa vadar edən olmayıb.

“Sıyığa gəldikdə isə mən hələ də hər gün səhər məmnuniyyətlə onu yeyirəm. Hətta bu gün də”.

Sıyığa olan münasibətinin dəyişməsinə gəldikdə isə zarafatyana cavab verib ki, dəyişiklik olub. Amma müsbət tərəfə. “Dişin nə qədər az olsa, sıyığı bir o qədər çox sevirsən”.

Başqa bir uşaq isə dövlət başçısına “qızıl balıq tutsaydınız, hansı 3 arzunuzu deyərdiniz?” deyə sual ünvanlayıb. “Yaxşı olar ki, hər şeyi özün əldə edəsən. Heç vaxt başqasının əlinə baxma. Yoxsa nağıldakı kimi sonda yenidən əvvəlki günə qayıdarsan”, – deyə Putin azyaşlının cavabını səsləndirib.

Başqa bir uşaq isə istirahət günləri ilə bağlı sual verib: “Nə üçün  böyüklərin 2, uşaqların isə ümumiyyətlə, istirahəti yoxdur? Şənbə də oxuyuruq, bazar günü isə birinci günün dərslərini hazırlayırıq”. Putinin cavabı da maraqlı olub. “Siz bizdən daha yaxşısınız və siz daha çox yükün altına girə bilirsiniz. Amma biz yox. Ona görə, böyüklərə iki gün istirahət lazımdır”.

Biz Azərbaycan-Ermənistan məsələsinə ehtiyyatla yanaşırıq

“Siz Dağlıq Qarabağ münaqişəsinin həllində hansı perspektivləri görüsünüz?” sualına cavab verib.

“Bu, çox həssas məsələdir. Çox ehtiyatla yanaşmalıyıq – həkim kimi. Bu münaqişənin tarixi böyükdür. Sadəcə dondurulmuş vəziyyətdə idi. Təəssüf ki, cəbhədə belə hadisə baş verdi. Biz hər şey edəcəyik ki, münaqişənin həllində hər iki tərəfin qəbul edə biləcəyi yolu tapaq. Burada məsələnin uzunmüddətli həlli lazımdır. Kompromiss əldə edilməlidir, həm də ancaq siyasi vasitələrlə.

Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz kompromisi əldə etmişdik. Amma təəssüf ki, bu, belə olmadı. Biz münaqişənin həlli üçün həm beynəlxalq strukturlar çərçivəsində işləməyə, həm də ikitərəfli şəkildə əməkdaşlığa davam edəcəyik”.

Putin qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanla dostluq əlaqələrinə malik olduğundan məsələnin həllində maraqlıdır. “Kimin nə deməyindən asılı olmayaraq biz bu məsələnin həllində hamıdan çox maraqlıyıq. Çünki biz həm Azərbaycan, həm də Ermənistanla tam şəkildə çalışmaq istəyirik”.

O deyib ki, ölkəsində çox sayda həm azərbaycanlı, həm də erməni yaşayır. Onların sayı milyonlarla ölçülür. “Mən elə azərbaycanlı və erməni tanıyıram ki, onlar konfliktə, hadisələrə baxmayaraq, hələ də yaxşı əlaqələrə sahibdirlər. Düşünürəm ki, bu, yaxşıdır. Rusiya səylərini davam etdirəcək. Amma son nəticə Azərbaycan və erməni xalqlarından asılı olacaq”.

Rusiya rəhbəri ilə ənənəvi canlı yayım 14-cü dəfədir ki, keçirilirdi. Bu proses “Rossiya1”, “Rossiya24” telekanalları, “Mayak” radiostansiyası, “Rusiya Radiosu” ilə canlı yayımlanmışdır.

İlk dəfə “Vladimir Putinlə canlı yayım” 2001-ci ildə olub. O zaman ona cəmi 400 min sual verilmişdi. Putinlə ən uzunmüddətli sual-cavab 2013-cü ildə olub. Belə ki, canlı yayım 4 saat 48 dəqiqə davam edib. Bu zaman ərzində Putin ona ünvanlanan suallardan ancaq çox az bir hissəsini – 70-ə yaxınını cavablandıra bilmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın