11 yanvar bazar ertəsi günü Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə üç ölkə liderlərinin Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli bəyanatının yerinə yetirilməsini gözdən keçirməyi və bölgədəki problemlərin həlli ilə bağlı addımları müzakirə etməyi planlaşdırırlar.

Putin üçtərəfli görüşdən öncə toplantı keçirdi

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən öncə Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Qarabağla bağlı toplantı keçirilib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı durumu müzakirə etmək üçün toplantı keçirib.

Toplantıda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib”.

Putin Emmanuel Makronla sabahki üçtərəfli görüşü müzakirə etdi

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.

Bildirilib ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşü müzakirə olunub.

Fransa prezidenti Rusiyanın Dağlıq Qarabağ nizamlanmasını təşviq etmək səylərini dəstəkləyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın