Paşinyan mina xəritələrinin yalnız kiçik hissəsinin Azərbaycana verildiyini açıqladı

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ermənistan Baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan Eqvardda seçkiqabağı kampaniyasında çıxışında deyib.

“Biz minalanmış sahələrin xəritəsini verdik, ancaq bu bizdə olan xəritələrin kiçik hissəsidir”, – Paşinyan bildirib.

Qeyd edək ki, əldə edilmiş anlaşmaya uyğun olaraq, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Tanınmış rusiyalı hərbi ekspert Oleq Kuznetsov bildirib ki, buradan 5 nəticə çıxarmaq olar:

“Birinci – Paşinyan öz generallarının inadını sındırmağı bacardı və nəticədə xəritələr verildi. Bu, Paşinyanın seçkidə seçici səsləri uğrunda mübarizə baxımından ciddi qələbəsidir, eyni zamanda dolayısı da olsa, ötənilki müharibədə məğlub olan erməni generalların revanş üçün heç bir şansının olmadığının etirafıdır. Yəni sağlam düşüncə qalib gəldi – baxmayaraq ki, bu, İrəvan üçün nadir hadisədir.

İkinci – İrəvan əlindəki kiçik təsir vasitələrindən birini adekvat şəkildə qarşılığını almadan Azərbaycana verdi. Bu, Paşinyanın və ətrafının daxili siyasi qarışıqlığa rəğmən, Azərbaycanla prosesin tənzimlənməsi ilə bağlı danışıqlara davam etmək istədiyini göstərir. Mina xəritələrinin verilməsi Paşinyanın blokunun seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edir. Erməni cəmiyyətinin reaksiyasından asılı olaraq 20 iyunadək bu süjet xətti təkrarlana, qalan mina xəritələri ilə digər diversantlar da dəyişdirilə bilər. Paşinyan indi çox ağıllı şəkildə pauza verməyi bacardı. Bununla o, Köçəryanı “ermənilərin həyatı, yoxsa siyasi ambisiyalar” kimi çətin dilemması qarşısında qoydu.

Üçüncüsü – Azərbaycan bu dəyişmə ilə beynəlxalq humanitar sahədə mövqeyini gücləndirdi. Bu, İlham Əliyevin Azərbaycan Ordusunun erməni xalqı ilə deyil, ancaq torpaqları işğal edən erməni elitası ilə müharibə apardığı barədəki tezisinin həqiqət olduğunu bariz şəkildə sübut etdi. Müharibə qurtardı, ədalət zəfər çaldı. Dünənki düşmən bugün danışıq apardığın tərəfdaşa çevrilir. Bəs indi düşmənçilik nəyə lazımdır? Rəsmi Bakının sözləri ilə əməlləri həmişə üst-üstə düşür. Bunun üçün hansısa əlavə sübut tələb olunmur.

Dördüncüsü – Ağdamdakı minalanmış sahələrin xəritələrinin verilməsi Qarabağ separatçılarının Xankəndidəki qalıqlarının ambisiyalarına yaxın zamanda yetərincə böyük zərbə vuracaq. Artıq onların işğalçıların izlədiyi xəttin sonsuzadək davam edəcəyinə ümidi yoxdur, bundan sonra da olmayacaq. Separatçılar artıq situasiyanın girovuna, Bakı və İrəvan arasındakı danışıqlarda mübadilə məzənnəsinə çevriliblər. Lakin hələ bunun üçün şərtlər tam şəkildə formalaşmayıb. Bunların ardınca da sülhməramlı qüvvələr Qarabağdan çıxacaq.

Beşincisi – diversantların mina sahələrinin xəritələri ilə dəyişdirilməsi təsdiqlədi ki, İrəvanın danışıqlardan çıxması ilə bağlı açıqlaması sözdür, reallıqda isə danışıqlar davam edir. Yalnız bu danışıqlar “kölgəli şəkildə”dir, bütün anlaşmalar yerinə yetirilir – ancaq Paşinyana daxili siyasi arenada maksimal qazanc gətirəcək səviyyədə. Buna görə də seçkilərdən öncə yeni sürprizləri gözləmək gərəkdir”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir