“Nüvə silahından istifadə etməmək üçün digər ölkələr Rusiyaya xəbərdarlıq etməlidirlər”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Report” informasiya agentliyiin Şərqi Avropa bürosuna müsahibəsi zamanı deyib. Müsahibəni təqdim edirik:

– Bu günlərdə Rusiya işğal altında olan ərazilərdə “referendum” keçirir. Bu fakt müharibənin gedişinə necə təsir edəcək?

– Əvvəla, burada referendum deyilən heç bir hüquqi proses yoxdur. Bu, yalnız Rusiyanın daxili auditoriyasına yönəlmiş təbliğatdır. Çünki faktiki olaraq ərazilər işğal olunub və orada işğalçı ordu var. Yəni bu, başqa bir dövlətin suveren ərazisinin ələ keçirilməsidir və həmin ərazidə aktiv döyüşlər gedir. Sağlam düşüncə nöqteyi-nəzərdən də baxdıqda müharibə olan ərazidə hüquqi işlər aparmaq bir nonsensdir. Orada insanlar heç vaxt iradələrini azad şəkildə ifadə edə bilməyəcəklər.

Bu, mahiyyət etibarilə hesablanmış bir ssenaridir, bu gün Rusiya ordusunun Xarkov və Xerson istiqamətlərindəki məğlubiyyətinin effektini yumşaltmaq üçün həyata keçirilən təbliğatdır. Buna görə də laqeyd yanaşırıq. Çünki bunda heç bir məqsədəuyğunluq, hüquqi komponent görmürük. Üstəlik, başa düşürük ki, Baş Qərargahın hazırladığı əks-hücum planı ilə daha da irəliyə gedəcəyik.

Biz ümumilikdə müharibənin gətirdiyi bütün riskləri anlayırıq və siz haqlısınız ki, doğurdan da, müəyyən eskalasiya var. Ancaq bu, Rusiyada əsəbi, isterik və təşviş əhvali-ruhiyyə ilə bağlıdır. Odur ki, Rusiya siyasi rəhbərliyi tənqidləri bir qədər azaltmaq üçün müharibənin dərəcəsini yuxarı qaldırmağa çalışır.

– Ukrayna Silahlı Qüvvələrinin indiki uğurlar tempi ilə ilin sonunadək bütün işğal altında olan ərazilər azad oluna bilərmi?

– Biz nəinki “referendum”la, həmçinin Rusiya Federasiyasının işğalı ilə bağlı mövzunu bitirmək və ərazilərimizi tam azad etmək istəyirik. Ancaq reallıq daha qəddardır və bu, həyatdır. Bu mənada qeyd etmək istərdim ki, biz bunu anlayışla qarşılamalıyıq: birincisi, Rusiyanın böyük canlı qüvvəsi var və bu gün o, səfərbərlik elan edib. Rusiya bu müharibədə istifadə edəcəyi insanlara acımayacaq. İkincisi, Rusiyanın iriçaplı silahlar daxil olmaqla, xeyli resursları var. Buna görə də o, bizə zərər vermək, bu zərəri artırmaq üçün sona qədər gedəcək.

Burada vacib məqam var: Rusiya Xarkov hadisələrindən sonra başa düşür ki, bu müharibəni uduza bilər – söhbət bu ölkənin siyasi elitasından gedir. Bundan başqa, müharibənin gedişatını izləyən dünya ölkələri anlayır ki, Rusiyanın güclü ordusu və səmərəli istehsalı olan genişmiqyaslı hərbi-sənaye kompleksi yoxdur. Hətta Rusiyanın hazırda istedadlı komandirləri belə, yoxdur. Mən deyərdim ki, Rusiya bu müharibəyə tam hazır deyil. Lakin Rusiyanın böyük həcmdə resursları, canlı qüvvəsi, texnikası və sursatları var.

Təəssüf ki, biz insanlarımızın həyatı hesabına öz ərazilərimizi azad etməliyik və bu, qısa müddət davam edəcək proses deyil. Əlbəttə, qışa, yəni Yeni ilə qədər Ukrayna ərazilərinin azad edilə biləcəyini söyləmək istərdik.

– Rusiya bu günlərdə qismən səfərbərlik elan edib. Həmçinin nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib. Bunu necə şərh edərdiniz?

– Ukrayna üçün prinsipial məsələ ərazilərinin işğaldan azad edilməsidir. Rusiya bu müharibədə dəhşətli itkilər verir. Bu itkiləri səfərbərlik vasitəsilə kompensasiya etmək istəyirlər. “Qismən” sözünə fikir vermək lazım deyil. Əslində, “qismən” sözü sərəncamda qeyd olunmayıb. Bununla faktiki olaraq Rusiya öz müharibə ssenarisinin yerinə yetirilməsinin mümkün olmadığını etiraf edib və öz-özünü genişmiqyaslı müharibəyə cəlb edib.

Nəhayət, müharibə, bu müharibənin 210, 211-ci günü hər bir Rusiya vətəndaşının evinə daxil olub. Rusiya böyük səfərbərlik tədbirləri həyata keçirir, çünki onun ordusu qalmayıb. Anlayırıq ki, bu, mahiyyət etibarı ilə kamikadzeləri Ukraynadakı cəbhəyə göndərməkdir. Buna səbəb ordumuzun daha yüksək səviyyədə müharibə aparmasıdır. Nüvə şantajına gəlincə, bu, artıq Ukrayna ilə bağlı deyil, daha qlobal məsələdir. Rusiya açıq şəkildə deyir ki, bir çox nüvə ölkələrinin imzaladığı nüvə silahının yayılmaması haqqında müqaviləni pozmağa hazırdır.

Bəs bu nə deməkdir? Nüvə silahını xüsusən də bu silaha malik olmayan ölkəyə qarşı heç vaxt tətbiq etmək olmaz. Hər kəsin bir məsələni anlamasını istərdim: nüvə silahı olan, bütün dünyanı təhqir edən, özünü bütün dövlətlərdən artıq, güclü hesab edən böyük ölkə indi açıq şəkildə kiçik, nüvə silahı olmayan Ukraynanı nüvə silahının tətbiqi ilə hədələyir. Bu, çox vacib nüansdır. Bu müqavilədə nüvə silahından istifadə alqoritmi açıq şəkildə göstərilib: əgər dövlətin ərazi bütövlüyünə və özünə təhlükə olarsa, bu silahdan istifadə etmək olar.

Biz isə Rusiyaya hücum etməmişik. Müharibə ancaq Ukraynanın ərazisində, yəni Rusiyanın işğal etdiyi ərazilərdə gedir. Sözsüz, bu ərazilər Ukrayna ərazisi hesab olunur və heç kəs Rusiyaya təhdid yaratmır. Nüvə silahından istifadə etməmək üçün digər ölkələr xəbərdarlıq etməlidirlər. Bəs bu necə həyata keçirilməlidir? Rusiya Federasiyası üçün nota şəklində yazılmalıdır ki, nüvə silahından istənilən istifadə cəhdi sivilizasiyaya hücum cəhdi kimi qiymətləndiriləcək və qarşılığında nüvə silahı tətbiq olunacaq.

Rusiya bunu başa düşməlidir. Səfərbərlik fonunda Rusiya vətəndaşları anlayacaqlar ki, milyonlarla rusiyalı nüvə müharibəsi nəticəsində ölə bilər. Nüvə silahına sahib olan dövlətlərin bunu bəyan etməsi mütləqdir. Bunu təkrar qeyd etmək istərdim ki, bu, Ukraynanın problemi deyil. Rusiya ümumi nüvə təhlükəsizliyi çərçivəsini qırmaq istəyir. Heç bir referendum yoxdur, işğal edilmiş Ukrayna torpaqları var və biz bu əraziləri azad edirik.

Əgər Rusiya nüvə silahı haqqında danışmağa başlayarsa, onunla “oynamaq” lazım deyil. Ona izah olunmalıdır ki, nüvə müqaviləsi var və buna əsasən bütün nüvə ölkələri tərəfindən əks nüvə hücumu tətbiq ediləcək.

– Siz qeyd etdiniz ki, dünya birliyi oyunlarını dayandırmalıdır. Sizcə, beynəlxalq aləm niyə Rusiyanı dayandırmır?

– Yaxşı sualdır. Bu, yalnız Ukrayna və ya Azərbaycan xalqının qanı ilə bağlı məsələ deyil. Bu, dünya təhlükəsizlik qaydaları ilə bağlı məsələdir. Söhbət dünyanın nə qədər məsuliyyət götürməsindən və ya yalnız sözdə deyil, əməldə də hərəkətə keçməsindən gedir. Dünya zəmanət verməlidir ki, əgər o, nüvə doktrinasına imza atıbsa, bu, təkcə kağız üzərində qalmayacaq və bu doktrina işləməlidir.

Hazırda bu, dünyanın seçimi ilə bağlı problemdir. Bu gün dünyanın qarşısında müxtəlif ölkələr arasında nəyə icazə verilib-verilməməsini göstərən, razılaşdırılmış əsaslar üzərində duran təhlükəsizlik çərçivəsinin olmasını sübut etmək dayanır. Bu gün elə görünür ki, özünü tam idarə edə bilməyən və qeyri-adekvat bir subyekt ortaya çıxa və dünyanı hədələyə bilər. Bunun ardınca nə baş verəcək? Rusiya indiyədək öz istədiyini edir.

O, bütün müharibə qaydalarını, əsirlərə və işğal altındakı ərazilərdə mülki əhaliyə qarşı münasibətdə bütün beynəlxalq konvensiyaları pozur. İnfrastruktura zərbələr endirilir, bütün dünyanın gözü qarşısında mülki əhali öldürülür. Üstəlik bizi nüvə silahını tətbiq edəcəkləri ilə hədələyirlər. Rusiya qlobal təhlükəsizliyi məhv edir. Siz bu gün görürsünüz ki, dünyada bir çox münaqişələr böyüməyə başlayır. Burada əsas məsələ odur ki, Rusiya qlobal təhlükəsizliyi məhv edə bilər.

Nəticədə yaxın gələcəkdə müxtəlif regionlarda idarəolunmaz proseslər baş verə bilər. Ən dəhşətli məqamdan bəhs etmək istərdim: əgər nüvə silahına malik olan ölkələr Rusiyanın cavabını verməsələr, nüvə doktrinasını niyə imzaladıqlarını başa salmasalar, qeyri-sabit siyasi sistemə malik olan, nüvə silahını əldə etmək istəyən ölkələr bu silahın əldə edilməsinin mümkün olacağına inanacaqlar. Nəticədə nüvə silahının tətbiq edildiyi çox sayda ərazi, münaqişələr meydana gələcək.

– Ukrayna taxılının ixrac edilməsi ilə bağlı məsələ indi hansı səviyyədədir?

– Ukrayna tərəfi taxıl tədarükü ilə bağlı razılaşmaları yerinə yetirir. Rusiya tərəfi daim buna müdaxilə etməyə çalışır. Ukrayna razılaşmanı ciddi şəkildə yerinə yetirir. Ukrayna təkcə Türkiyəyə deyil, qlobal dünya bazarına, o cümlədən bir sıra ölkələrə böyük həcmdə taxıl idxal edir və müvafiq olaraq bu qida məhsulları buna ehtiyacı olan ölkələrə göndərilir.

Rusiya isə hələ də israr edir ki, bu razılaşma onun təqdim etdiyi logistik prosedurlar çərçivəsində həyata keçirilməlidir. O, Ukrayna taxılının hara və necə gedəcəyinə təsir etmək istəyir. Düşünürəm ki, bu, mümkün deyil.

– Beynəlxalq dövlətlər tərəfindən Ukraynaya göndərilmiş ağır silahlar və hərbi sursatlarla bağlı rəqəmləri açıqlaya bilərsinizmi?

– Xeyr, belə suallara prinsipial şəkildə cavab vermirik. Müvafiq sayda hava hücumundan müdafiə sisteminin alınmasına ehtiyac var. İstərdik ki, döyüş meydanında baş verənləri müəyyən qədər tarazlaşdıra və müharibənin sonunu tezləşdirə bilək. Konkret olaraq, müəyyən silahların alınmasına gəlincə, silahların bəzi hissəsi müəyyən humanitar proqramlar çərçivəsində tədarük olunur. Belə ki, silahların bəzi hissələri müxtəlif ölkələrdən alınır. Lakin silahların konkret həcminə gəldikdə, belə qərar verilib ki, bu barədə yalnız Ukraynaya silah tədarük edən bu və ya digər suveren dövlət məlumat verə bilər.

Məsələn, hazırda zirehli texnikaya – konkret sayda tanklara ciddi şəkildə tələbat var. Xarkov istiqamətində olduğu kimi, digər ərazilərimizin də işğaldan azad edilməsi və müharibənin sona çatdırılması üçün tanklara ehtiyacımız var. Yəni hansısa ölkə müəyyən sayda tank təchiz etmək və bunu bəyan etmək istəyirsə, biz ona bu məsələni açıqlamaq hüququ veririk.

– Ukrayna ilə Azərbaycan arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz? İki ölkə xalqları arasında dostluq münasibətləri hansı səviyyədədir? Azərbaycanın istər Ukraynaya humanitar yardım göndərməsini, istər yenidənqurma işlərində iştirakını necə qiymətləndirirsiniz? Həmçinin, nəzərə alaq ki, əslən azərbaycanlı döyüşçülər də Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olublar…

– Bu, çox təsiredici məqamdır. XXI əsrdə bütün dünyada, həmçinin Azərbaycanda insanlar azadlığın qan tökməklə əldə olunduğunu başa düşürlər. Azadlıq asan şəkildə əldə olunmur. Başa düşürük ki, Azərbaycan cəmiyyəti bizim addımlarımızı bölüşür. Əgər sənə tərəf böyük imperiya, səni diz çökdürməyə çalışan böyük ölkə gəlirsə və sən heç vaxt diz çökməyəcəyini deyirsənsə, bu, mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə bir çoxları problemlərdən üz döndərən, onu həll etməkdən, öz üzərinə məsuliyyət götürməkdən imtina edən zaman, bu, vacib davranışdır. Xarici siyasətlə cəmiyyətə aid olan daxili vəziyyəti ayırmaq lazımdır. Mən Azərbaycanın Ukraynanın tərəfində olduğuna şübhə etmirəm. Ukrayna müharibədə qalib gəlməsə, nə nəticə olacağı açıq şəkildə görünür.

Azərbaycan Ukraynanın müharibədə qalib gələcəyi təqdirdə, postsovet məkanındakı ab-havanın nə qədər sağlamlaşacağını və dəyişəcəyini başa düşür. Çünki Rusiya xüsusilə postsovet məkanında davam edən münaqişələrin olmasında maraqlıdır.

Digər məsələ hökumətin mövqeyidir. Hökumətin mövqeyi bir çox amillərə əsasən müəyyənləşə bilər. Burada həm daxili, həm də xarici amillər var. Buna uyğun olaraq başa düşürük ki, hökumətlər üçün öz mövqelərini birmənalı şəkildə ifadə etmək çox vaxt çətindir. Buraya iqtisadiyyat, biznes, maliyyə məsələləri daxildir.

Buna baxmayaraq, hesab edirik ki, Azərbaycan digər tərəfdaşlarımızla, xüsusilə Türkiyə ilə birlikdə bu münaqişə ilə bağlı kifayət qədər aydın mövqe tutur. Müxtəlif ölkələr tərəfindən daha çox hərbi yardım göstərilməsini, informasiya kampaniyaları çərçivəsində ictimai dəstəyin həyata keçirilməsini, Rusiyanın etdiklərinə qarşı rəsmi səviyyədə daha sərt münasibətin göstərilməsini istərdik.

Lakin müxtəlif hökumətlərin fərqli səbəblərə görə bunu edə bilməməsini başa düşürük. Digər tərəfdən, görürük ki, Azərbaycan bütün səviyyələrdə Ukraynaya yardım göstərir. Üstəlik, Azərbaycan bu müharibədən düzgün nəticələr çıxarıb. O, strateji baxımdan anlayır ki, Rusiyaya “stavka” etmək mənfi nəticələrə səbəb ola bilər. Amma Ukraynaya “stavka” qoymaq nüfuz qazandıracaq və digər üstünlüklər verəcək. Bu, Azərbaycanın regional səviyyədə, postsovet məkanında nüfuzunun artmasına gətirib çıxaracaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın