Azərbaycan internetinin çox gözlənilən və faydalı müsabiqələrindən biri Milli İnternet Mükafatı – MilliNet 2023-cü il üçün layihələrin qəbuluna başlamışdır.

YALAN.info bildirir ki, 5 illik fasilədən sonra Milli İnternet Mükafatı – MilliNet2023 yarışmasının bu ildə keçirilməsi qərara alınıb.

MilliNet2.0 yeni dizaynda və yeni konsepsiyada keçiriləcək. Beləliklə, nominasiyalara yeni yanaşmalar tətbiq olunacaq, klassik formada saytların qəbulundan, 3 istiqamətli qiymətləndirmədən imtina ediləcək. Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.

Bundan başqa, resursların dəyərləndirilməsində yeni kriteriyalar, faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və b. prinsiplər əsas götürüləcək. Resursların dəyərləndirilməsini istifadəçilər deyil, ekspertlər dəyərləndirəcək. Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar təqdimatdan dərhal sonra tanış olacaqlar.

Milli İnternet Mükafatı – MilliNet 2023 nədir?

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar texnologiya mükafatıdır. Bu mükafat hər il cəmiyyətin müxtəlif sahələrində, sosial, mədəni, elmi, iqtisadi, hüquqi və b. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən rəqəmsal həllərə, milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

MilliNet-in əsas məqsədi Azərbaycanda internetin, innovasiyaların və İnformasiya Texnologiyalarının (İT) inkişafına dəstək verməkdir. Bundan başqa, müsabiqənin məqsədləri arasında ən yaxşı milli rəqəmsal resurslarımızın ölkəmizdə və dünyada tanıtımı etmək, geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, İnternetin və İnformasiya Texnologiyalarının populyarlaşmasına dəstək vermək, Azərbaycan dilinin İKT mühitində tətbiqini genişləndirmək də var.

İstənilən hüquqi və ya fiziki şəxs Azərbaycan İnternet Forumunun təsis etdiyi Milli İnternet Mükafatını almaq üçün özünün onlayn resursunu müsabiqəyə göndərə bilər. Müraciətdə bir şəxs birdən çox resurs eyni və ya fərqli mükafat nominasiyalarında təqdim edə bilər. Hər bir resurs yalnız bir nominasiya üzrə verilə bilər. Təqdim olunan resurs Müsabiqənin uyğun nominasiyasının mahiyyətinə uyğun olmalıdır. İddiaçı ilə məsləhətləşmə əsasında Təşkilat Komitəsi tərəfindən nominasiyada dəyişiklik edilə bilər. İddiaçının müraciətində Nominasiya seçimi ilə bağlı bu Qaydaların tələblərinin pozulması halları olarsa, Təşkilat komitəsinin qərarı ilə daha uyğun Nominasiya dəyişikliyi edilə bilər. Təqdim olunan resurslar qeydiyyatdan keçdikdən sonra iddiaçılar bu haqda məlumatı öz saytlarının ön hissəsində yerləşdirirlər.

Müsabiqə nominasiyası üzrə qaliblər cari ilin sonunda AİF tərəfindən təşkil olunan təqdimat mərasimində ictimaiyyətə çatdırılır. Bununla bərabər, müsabiqə nominasiyaları üzrə qaliblərin siyahısı müsabiqə saytında və AİF-in rəsmi internet saytında dərc edilir.

MilliNet 2023 – Nominasiyalar

  • İlin rəqəmsal hökumət həlli
  • İlin rəqəmsal təhsil resursu
  • İlin rəqəmsal maliyyə həlli
  • İlin e-ticarət həlli
  • İlin rəqəmsal sosial resursu
  • İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
  • İlin innovativ həlli
  • İlin rəqəmsal oyunu
  • İlin informasiya resursu
  • İlin süni intellekt həlli
  • İlin rəqəmsal mədəniyyət və turizm həlli
  • İlin rəqəmsal biznes həlli
  • İlin rəqəmsal marketinq həlli
  • İlin rəqəmsal siması

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın