“İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə FIDE-də vitse-prezidenti vəzifəsinə seçilməyimlə bağlı etdiyi təbrikə görə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısının təbriki mənə şərəf verdi və məsuliyyətimi daha da artırdı”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Gürcüstanın Batumi şəhərindəki Baş Assambleyada Beynəlxalq Şahmat Federasiyasında (FIDE) da eyni vəzifəyə seçilməsini ali qurumun mətbuat xidmətinə açıqlayarkən deyib.

M.Məmmədov ölkə şahmat tarixində ilk dəfə azərbaycanlının FIDE-də yüksək rəhbər vəzifəyə seçilməsini dünya şahmat ailəsinin Azərbaycana böyük etimadı kimi dəyərləndirib: “Beynəlxalq Şahmat Federasiyasında belə yüksək vəzifəyə seçilməyim Azərbaycana və Azərbaycan idmanına dünya ölkələrinin verdiyi yüksək etimadın nəticəsidir. İdman Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycan dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanınır. Prezident İlham Əliyev dünya ölkələri arasında ilk dəfə şahmatın inkişafına dair 2009 – 2014-cü illəri əhatə edən Dövlət Proqramını imzalamaqla bu idman növünün yeni inkişaf mərhələsinə yüksəlməsinə dəstək olub. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin şahmata və şahmatçılara göstərdiyi diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda böyük qələbələr qazanıb, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alıb. 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası keçirilib. Hər il Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur. Bütün bu uğurlar dövlətin dəstəyi, şəxsən Prezident İlham Əliyevin şahmata olan diqqəti sayəsində reallaşıb. Ölkəmizdə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə şahmatçılarımız adından dövlət başçısına təşəkkür edirəm”.

Seçkilərə gəlincə, FIDE rəsmisi mübarizənin sona qədər davam etdiyini bildirib: “Gözlənildiyi kimi, dünya şahmat ailəsində çox çətin və vacib seçkilər baş tutdu. FIDE-nin prezidenti vəzifəsinə 3 namizəd var idi: Arkadi Dvorkoviç, Georgios Makropulos və Naycel Şort. Hər namizədin 5 nəfərdən ibarət komandası təqdim olunmuşdu. Seçkidə qalib gələn namizədin komandası da FIDE rəhbərliyində təmsil olunmalıydı. Əsas mübarizə iki namizəd – Arkadi Dvorkoviçlə Georgios Makropulos arasında sona qədər davam etdi. Naycel Şort isə namizədliyini geri götürdü. Dvorkoviç rəqibindən daha çox – 103 səs toplamaqla FIDE-nin prezidenti seçildi. Beləliklə, onun komandasının üzvləri də rəhbər vəzifələrə seçilmiş oldu”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın