Milli Məclisin Laçın rayonundan deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə ilə 44 günlük şanlı Vətən savaşından sonrakı ilk görüşümüzdə öncə onu torpaqlarımızın, o cümlədən doğma Laçın rayonu və doğulub boya-başa çatdığı Güləbird kəndinin də işğaldan azad olunması münasibətilə təbrik etdik. Parlament üzvü Moderator.az-a müsahibəsində işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış proqramı, həmin proqramın həyata keçirilməsi qarşısındakı çətinliklər, Milli Məclisdə bu istiqamətdə görülmüş və gözlənilən işlər, konkret olaraq Laçın rayonuna qayıdışla bağlı problemlərdən və b. danışıb.

– Mahir müəllim, Qarabağ torpaqlarına qayıdacaq soydaşlarımızı düşündürən məsələlərdən biri də orada yeni evlərin, yaşayış massivlərinin hansı prinsiplər və mexanizm üzrə salınacağıdır. Yəni, deyək ki, şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar üçün əsasən bina evləri, kəndlərdəkilər üçün isə həyət evləri tikiləcək. O tərəfi maraqlıdır ki, əksəriyyət, özəlliklə kənd sakinləri yeni evlərinin  yandırılmış, dağıdılmış olsa da, məhz keçmiş dədə-baba ocaqlarının yerində tikilməsini arzulayır. Bax, bu cür məsələlər öz həllini necə tapacaq?

– Birbaşa yerində şahidi olmayanlar telekanallarda, internetdə hər gün, hər saat yayımlanan video-kadrlardan da aydın görürlər ki, erməni vandalları əksər məntəqələrimizdə yaşayış binalarını, o cümlədən həyət evlərini tamamilə dağıdıblar. Bəzilərinin heç yanmış divarları da qalmayıb. Ağdamda, Füzulidə qəbiristanlıqları belə, şumlayaraq yerində taxıl sahələri, meyvə bağları salıblar. Bir sözlə, düşmən maksimum çalışıb ki, azərbaycanlıların o torpaqlardakı həyat izlərini tamamilə silsin. Həmin izlərin bərpası üçün, təbii ki, dediyiniz məsələlərə müsbət nöqteyi-nəzərdən yanaşılması önəmlidir. 

Yeri gəlmişkən, cənab Prezident də son çıxışlarından birində erməni vəhşiliklərinin gələcək nəsillərə və xarici qonaq və turistlərə çatdırılması üçün işğaldan azad edilmiş rayon və şəhərlərdə səhra muzeylərinin yaradılmasının vacibliyini vurğuladı…

O da var ki, işğalçı ermənilər özlərinin qanunsuz məskunlaşdıqları bəzi şəhər və kəndlərdə müəyyən dərəcədə əvvəlki yaşayış evlərini salamat saxlayıb, eyni zamanda özləri də bir neçə ev tikiblər. Bu baxımdan o torpaqlara qayıdacaq soydaşlarımıza yaşayış massivlərinin salınmasıyla bağlı, zənnimcə, iki yanaşma var. Birincisi, tamamilə yer üzündən silinmiş məntəqələrdə büsbütün yeni massivlərin tikilməsidir. İkincisi də, qismən salamat qalmış yaşayış məntəqələrində dağıdılmış binaların bərpası ilə yanaşı, yeni binaların tikintisidir…

Bir sözlə, hesab edirəm ki, dövlətimiz on illərin əzab-əziyyətindən sonra Qarabağ yurdlarına dönən hər bir keçmiş köçkün vətəndaşın gerçəkliyə uyğun arzu-istəyini maksimum nəzərə almaq üçün mümkün olanı edəcək.

– Bildiyimiz kimi, dövlət başçısı bu günlərdə məcburi köçkünlər üçün nəzərdə tutularaq tikintisi başa çatmış, ya da tikilməkdə olan yeni evlərin şəhid ailələrinə verilməsi haqda qərar verdi. Əlbəttə, bu, ədalətli addımdır. Ancaq bir məsələ qaranlıq qalır ki, sizin Laçın rayonundan olan seçiciləriniz arasında da elə keçmiş köçkünlər var ki, on illərlə həddindən artıq dözülməz şəraitdə yaşayıb və son Vətən müharibəsinədək tezliklə yeni mənzillərlə təmin olunmalarına ümidli olublar. Təbii ki, torpaqlarımıza qayıdış prosesi isə azı bir neçə il çəkəcək. Belə keçmiş köçkünlər üçün dövlətimiz tərəfindən hər hansı bir istisna nəzərdə tutulmayıb ki?

– Öncə onu demək gərəkdir ki, son 25-30 il boyunca Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər işlər görülüb. Bilirsiz ki, 109-dan artıq yeni qəsəbə tikilib, təxminən 47 minə yaxın ailə yeni evlərə köçürülüb. Həmin müddət ərzində  hər bir məcburi köçkün sosial müavinətlə təmin olunub. Köçkün övladlarına dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsil almaq hüququ verilib və s.

Bir sözlə, Azərbaycan dövləti dünyada qaçqın və məcburi köçkünlərə baxışla bağlı yeni, unikal bir model ortaya qoyub. Bu sahədə araşdırma apardığımdan dəqiq bilirəm ki, heç bir dövlətdə bunun analoqu yoxdur. Ancaq indi – 44 günlük müzəffər Vətən müharibəsindən sonra tamamilə fərqli bir gerçəklik yaranıb. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub və öncə geniş söylədiyimiz kimi, artıq keçmiş köçkünlərimizin həmin yurdlara qayıdışı, tezliklə onlar üçün o torpaqlarda yeni evlər tikilməsi üçün sürətli işlər aparılır.

Bu baxımdan, cənab Prezidentin də vurğuladığı kimi, Bakı, Sumqayıt və başqa ərazilərdə tikilmiş və tikilməkdə olan yeni evlərin şəhid ailələrinə verilməsini, yəqin ki, keçmiş köçkün soydaşlarımız anlayışla qarşılayır. Təbii, dediyiniz kimi, yalnız Laçın rayonundan deyil, başqa bölgələrdən olan keçmiş köçkünlər arasında da çox ağır durumda, normal binalarda deyil, qəzalı yataqxana, məktəb və bağçalarda, yarımçıq tikililərdə yaşayan və illərlə yeni evlərə köçürülməsini gözləyənlər var. Ancaq başqa tərəfdən, biz, məcburi köçkünlər də onu unutmamalıyıq ki, bilavasitə bizlərin didərgin salındığı torpaqların düşmən işğalından azad olunması uğrunda ən şirin nemət olan canını fəda edərək şəhid olan oğullarımızın ailələrinin hamıdan öncə mənzillə təmin olunması da məntiqlidir. Unutmamalıyıq ki, onların şəhidliyi sayəsində məhz bizim ata-baba yurdlarımız azad olunubdur.

Bu nöqteyi-nəzərdən düşünürəm ki, dövlətimizin qərarı ədalətlidir. Əlbəttə, insanların çətinlikləri anlaşılandır. Bununla belə, hər bir vətəndaş, o cümlədən keçmiş məcburi köçkünlər də – hər kəs öz sahəsində əlindən gələni etməlidir ki, biz tez bir zamanda o torpaqlarımıza dönüb doğma yurdlarımızda yeni mənzillərlə təmin olunaq və burada çətin durumda yaşayanlarımızın da problemi həll olunsun. Ali Baş Komandanımız başda olmaqla dövlətimiz bu mövzuda qərarlıdır və söhbətimizin əvvəlində də vurğuladığımız kimi, artıq ilkin vəsait ayrılıb, gərəkli əməli addımlar atılıb və Böyük Qayıdış proqramına başladılıb.

 8 noyabr Zəfərimizdən sonra cəmiyyətdə gündən-günə aktuallaşan müzakirə mövzularından biri də artıq torpaqları azad olunmuş keçmiş məcburi köçkün soydaşlarımızın azad Qarabağ yurdlarına qayıdış istəyinin hansı səviyyədə olmasıdır. Yəqin ki, karantin dövrü olmasına baxmayaraq ünsiyyətdə olduğunuz laçınlı keçmiş köçkünlərlə də bu barədə söhbətlər edirsiniz?  

– Qəti əminəm ki, nəinki Laçın rayonu, işğaldan azad başqa rayonların da hər bir sakini, dəyərli deputat həmkarım Aqil Abbas demişkən, o torpaqlara köçməkdən ötrü ölürlər. Sadəcə olaraq Azərbaycanı sevməyən kimlərsə bu mövzunu mətbuatda və sosial şəbəkələrdə mənfi istiqamətdə qızışdırmağa çalışır.

Cənab Prezidentin göstərişinə uyğun olaraq, bizdə olan məlumata görə, artıq müvafiq təşkilatlar yaxın günlərdə keçmiş məcburi köçkünlərin torpaqlarına dönmək istəyi ilə bağlı sorğunun keçirilməsinə başlayacaq. Və mən elə özüm də bir keçmiş məcburi köçkün kimi sizi inandırıram ki, o yurdların hər bir əsl sakini öz ata-baba yurdunda yaşamaq, yaratmaq, o torpaqların daimi sakini olmaqla bağlı qərarlı və israrlıdır. Çünki bizim on illərlə nəinki arzuladığımız, həsrəti ilə qovrulduğumuz günlər yetişib.

Allah Ali Baş Komandanımızı qorusun! Məhz onun – cənab Prezudentin rəhbərliyi, Azərbaycan ordusunun gücü, şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına o torpaqlar işğaldan azad edilibdir. Və sizə deyim ki, bizim torpaqlarımıza dönməyimizlə bağlı yeganə bir çətinlik və təhlükə varsa, o da minalanmış sahələrlə bağlıdır. Bu problem ortadan qalxandan sonra hər bir məcburi köçkün öz torpağına qayıtmaqla bağlı daha da israrlı olacaq…  

Bir məsələni də vurğulayım ki, şanlı Zəfərimizdən sonra nəinki o torpaqların əsl sakinləri olan keçmiş didərginlər, başqa bölgələrimizdən, özəlliklə də Qərbi Azərbaycandan (Ermənistan) olan yüzlərlə soydaşımız Qarabağa köçüb orada daimi yaşamaq arzusuyla bağlı artıq aidiyyəti orqanlara rəsmi ərizələr verib. Odur ki, işğaldan azad olunmuş torpaqlarımıza qayıtmaq istəyi məsələsinin mübahisə predmeti olmadığını düşünürəm…

İndi bu arzu, istəklə yaşayan hər bir azərbaycanlı o yurdlara qayıdışın başlanması ilə bağlı ölkə Prezidentinin qərar və göstərişlərini səbirsizliklə gözləyir…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın