“Siyasi arenada gərginliyi artırmaq üçün Mixail Saakaşvilinin əfv məsələsini ortaya atıblar. Bununla da Qərb Gürcüstanda qarışıqlıq yaratmaq istəyir”.

YALAN.info bildirir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında gürcü politoloq Levan Mamaladze deyib.

Onun fikrincə, M.Saakaşvilinin əfv məsələsinin gündəmə gətirilməsi Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Baş nazir İrakli Qaribaşvili, bütövlükdə hökumətdə qarşıdurmanı dərinləşdirmək məqsədi daşıyır.

Ancaq siyasi ekspert söyləyib ki, S.Zurabişvili həbsdə olan keçmiş həmkarını əfv etmək üçün sərəncam imzalasa da o, azadlığa buraxılmayacaq: “Çünki indi bəzi iddialar araşdırma mərhələsindədir”.

L.Mamaladze bildirib ki, hökumətin və parlamentin impiçment cəhdindən sonra S.Zurabişvili qəzəblidir: “Düşünürəm ki, prezident bu işə qol qoyacaq, çünki müxalifət birləşib hakimiyyətə qarşı çıxıb. Bu addımla da Salome Zurabişvili növbəti provakativ addımını atmış olacaq. Vaxtıykən “Heç vaxt əfv etmərəm” dediyi adamı əfv edəcək”.

O vurğulayıb ki, Qərb S.Zurabişvilinin belə bir addım atmasını istəyir: “Onlar hazırkı hakimiyyətə güclü alternativ yaratmaq fikrindədirlər. Belə edib ölkədə qarışıqlıq yaradıb hakimiyyəti devirmək üçün çalışırlar. Ancaq Qərb bu dəfə Gürcüstanda hakimiyyəti dəyişdirə bilməyəcək. Çünki, xalq kimin kim olduğunu yaxşı bilir”.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti M.Saakaşvilinin əfv məsələsi bir neçə gündür ölkənin gündəmini zəbt edib. “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia da “Tvpirveli”nin efirində prezidentdən Saakaşvilini əfv etməyi xahiş etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın