Polşanın “Legiya” klubu  Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

“Mətbuatda “Legiya” ilə onun oyunçusu Mahir Emreli arasındakı münasibətlərlə bağlı yayılan xəbərlərə görə, nəzərinizə çatdırırıq ki, Mahir Emrelinin indi etibarlı olan müqaviləsi var və o, klubun futbolçusudur. “Legiya” dəfələrlə onu kluba qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin futbolçuya lazım olan hər cür dəstəyi təklif edib.

Klub daim futbolçu ilə razılığa gəlməyə çalışır, onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub danışıqların gizliliyini və faydalarını nəzərə alaraq, onların məzmununu açıqlamır”, – deyə bəyanatda bildirilib.

Həmçinin, “Legiya” Emrelinin vəkili Anıl Dinçerin bəyanatlarını da “yalan və hüquqi əsası olmayan sözlər” adlandırıb.

Yasa salaq ki, Report informasiya agentliyinə müsahibə verən Mahir Emrelinin Türkiyəli vəkili Anıl Dinçer klub və futbolçu arasındakı son durumu dəyərləndirib, həmçinin baş vermiş insidentin detallarını açıqlayıb. Vəkilin sözlərinə görə, Varşava təmsilçisi ilə cari mövsümün əvvəlində imzaladığı 3,5 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsinə çalışan forvard üçün “Legiya” dəftəri demək olar ki, bağlanıb. Emreli azarkeşlərlə bağlı məlum insidentdən sonra Polşaya qayıtmaq istəyində deyil.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın