Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı və birinci xanım öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.
Aqroparkın icraçı direktoru Elman Kərimov dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır.
Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.
Məlumat verildi ki, aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir.
Qeyd olundu ki, “Ağcabədi taxıl Aqropark”ın təchizatı üçün 3 kilometr uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 kilometr uzunluğunda qaz xətti çəkilib.
İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı. Yenidən qurulan yarımstansiyanın Ağcabədi şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və başqa obyektləri elektrik enerjisi ilə təchiz edəcəyi vurğulandı.
Ağcabədi rayonunda yeni hərbi şəhərciyinin açılışı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirdi ki, ərazisi 6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019-cu ilin sentyabrında başlanılıb. Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb.
Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışı
Dövlət başçısı və birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni tikilən hərbi şəhərciyinin, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər.
Uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib. Bildirildi ki, layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.
Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.