Fuad Axundov: Başqa ölkələrdə hərbi muzeylərin açılması normaldır, Azərbaycanda yox?

Politoloq Fuad Axundov Bakıda Hərbi Qənimətlər Parkının açılışı və Rusiya Federasiyası (RF) Dövlət Dumasının erməniyönümlü və açıq anti-Azərbaycan düşüncələri ilə tanınan deputatı Vitali Milonovun bununla bağlı reaksiyasını şərh edib.

“Ermənistan mətbuatı RF Dövlət Dumasının deputatı Vitali Milonovun sözlərindən riqqətlə sitat gətirir: Ah, bu Azərbaycan “müharibə ilə fəxr edir”, bunu iki xalq arasında baş vermiş faciə kimi qəbul etmir, bundan siyasi gediş kimi istifadə edir və b.”, – deyə politoloq bildirib.

Fuad Axundov əlavə edib:

“Birincisi, dünyada müharibə, silah, özəlliklə də zəfərə həsr olunan kiyafət sayda muzey var. Təkcə Moskvada hərbi texnikanın sərgiləndiyi bir neçə belə muzey var. Almaniyanın “Tiger”, “Panther” və başqa tanklarına tamaşa etməyin mümkün olduğu Kubinka Tank Muzeyi yeganə deyil. Qənimət götürülən texnikadan ibarət olan zəngin kolleksiya açıq səma altında Qələbə Muzeyində də nümayiş etdirilir. Nədir, deputat Milonov bunu bilmir? Yaxşı, bəlkə o Londonda İmperial Hərb Muzeyi, Parisdə Əlillər Evində Hərb Muzeyi barədə eşitməyib? Və ya Hollandiyanın Zosterberg şəhərindəki muzeydə ziyarətçiləri necə ekspozisiyaların gözlədiyi barədə dəqiq məlumatı yoxdur? Lakin Moskvada Poklonniy dağındakı Qələbə Parkını dəqiq ziyarət edib.

Əlavə edək ki, əsgər dəbilqələri, düşmən ordusunun geyimində manekenlər, “obrazlı” səhnələri ilə dioramlar, həmçinin ağır texnika, bütün bunlar dünyanın hərbi muzeylərinin ənənəvi elementləridir. Yəni bunlar Rusiya, Böyük Britaniya, Hollandiya və başqa ölkələrə olar, Azərbaycana olmaz? Milonovun sözləri ilə desək, bütün bu ölkələr müharibəni xalqlar arasında baş vermiş faciə kimi qəbul edirlər, Azərbaycan isə yox?

SSRİ ərazisinin 9 %-nin dörd il Hitlerin işğalı altında olması və bütün anti-Hitler koalisiyası ilə birgə Vermaxt üzərində qazanılan qələbə fəxr etmək üçün qanuni səbəbdir. Ancaq düşmən torpağını 30 il tapdalayan, ərazilərinin 20 %-ni işğal edən və hər yeddi vətəndaşından birini qaçqına çevirən, hitlerçilərdən fərqli olaraq, hətta ölülərin qəbirlərini də məhv edən, sonra isə bütün bunlara görə Azərbaycan Ordusu tərəfindən qovulan ermənilər üzərində qələbə ilə fəxr etmək olmaz? Ermənistandan üzr istəyək? Yoxsa şəxsən cənab Milonov qarşısında üzr istəyək?

Həqiqəti desək, cənab Milonov “Azərbaycan müharibə ilə fəxr edir” fəryadı ilə Bakıdakı Hərbi Qənimətlər Parkı ətrafında Ermənistanda qaldırılan isterikanın əsl səbəbini “ortaya qoyub”. Çünki İrəvanda nə dioramları, nə “obrazlı” manekenləri, nə dəbilqələri “həzm edə” bilirlər. Onlar məhz Azərbaycanın zəfər çalması ilə razılaşa bilmirlər. Nə tərif yağdırılan “Ohanyan xətti”nin inşası, nə də “Avropada silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” müqavilənin kvotası üzrə Ermənistana sahib olmağa icazə verən ağır texnikanın dəfələrlə daha artıq sayının Qarabağa yeridilməsinin kömək etmədiyini qəbul edə bilmirlər. Məhz buna görə onlar qələbəni dünyanın başqa ölkələrindən olan muzdluların və başqa planetlərdən gələnlərin ayağına yazırlar, bircə azərbaycanlılar tərəfindən qazanıldığını qəbul edə bilmirlər.

Və indiki sifarişli isterikalar qələbəmizin üzərindən xətt çəkməyə, Azərbaycanı indi dünyanın aparıcı hərbi akademiyalarında öyrənilən hərbi uğuruna görə qanuni fəxr hissindən məhrum etməyə kömək etməyəcək”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir