Avropa Birliyi (AB) Gürcüstan, Moldova və Ukraynaya 50 milyon avro ayırmağa qərar verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı AB Şurasının yaydığı bəyanatda deyilib.

Məlumata görə, AB Gürcüstan, Moldova və Ukraynaya müdafiə gücünü, sülhü və daxili sabitliyi dəstəkləmək üçün büdcədənkənar Avropa Sülh Fondundan 50 milyon avrodan çox vəsait ayıracaq.

Qeyd olunub ki, yaxın üç il boyunca Gürcüstan adıçəkilən fonddan 12,75, Moldova 7, Ukrayna isə 31 milyon avro alacaq.

Gürcüstan

Bu yardım Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarını, o cümlədən böhran, ya da fövqəladə vəziyyətlərdə mülki şəxslərə xidmət göstərmək imkanlarını gücləndirməyə kömək edəcək. Özəlliklə, tibbi və mühəndis avadanlıqları, eləcə də mülki təyinatlı nəqliyyat vasitələri ilə təmin olunacaq.

Moldova

Bu yardım tədbiri Moldova Respublikası Silahlı Qüvvələrinin Hərbi Tibb Xidmətinin və Mühəndis Batalyonunun imkanlarını, o cümlədən böhran, ya da fövqəladə vəziyyətlərdə mülki əhaliyə uyğun xidmətlər göstərmək imkanlarını gücləndirməyə kömək edəcək. Özəlliklə, AB Hərbi Tibb Xidməti üçün tibbi avadanlıq və Mühəndis Batalyonuna partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün avadanlıqların təchizatını maliyyələşdirəcək.

Ukrayna

Bu yardım tədbiri Ukraynanın ümumi dayanıqlığını artıracaq və Ukrayna Silahlı Qüvvələrinin imkanlarını, o cümlədən böhran, ya da fövqəladə vəziyyətlərdə mülki əhaliyə xidmət göstərmək imkanlarını gücləndirəcək. Özəlliklə, hərbi tibb hissələrini, o cümlədən səhra xəstəxanalarını, mühəndislik hissələrini, mobillik və logistika bölmələrini və kiberkosmos dəstəyini maliyyələşdirəcək.

Avropa Sülh Fondu 2021-ci ilin mart ayında münaqişələrin qarşısını almaq, sülhü qorumaq və beynəlxalq təhlükəsizlik və sabitliyi gücləndirmək məqsədilə AB-nin hərbi, ya da müdafiə xarakterli xarici hərəkətlərini maliyyələşdirmək üçün yaradılmışdır. Özəlliklə, AƏF AB-nə hərbi və müdafiə məsələləri ilə bağlı üçüncü dövlətlərin, regional və beynəlxalq təşkilatların potensialının gücləndirilməsinə yönəlmiş tədbirləri maliyyələşdirməyə imkan verir.

Şura artıq Avropa Sülh Fondu çərçivəsində üç yardım tədbiri qəbul edib: iyul ayında Afrika Birliyinə dəstək üçün 130 milyon avroluq tədbir və 2021-ci ilin noyabrında uyğun olaraq Bosniya və Herseqovina və Mozambikə 10 milyon avro və 40 milyon avroluq dəstək tədbiri.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın