İtaliya və İngiltərə milliləri arasında Futbol üzrə Avropa çempionatı Euro 2020-nin final oyunu keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Londondakı “Uembli” stadionunda baş tutan həlledici qarşılaşmanı 67 173 nəfər izləyib.

Hesab isə erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk yarı boyunca yeganə təhlükəli epizodu olub.

İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib – 1:1. Beləliklə, “Yuventus”un müdafiəçisi Avropa çempionatlarının finalları tarixində qol vuran ən yaşlı oyunçu olub. O, 34 yaş 71 günündə fərqlənib.

Digər tərəfdən, İtaliya millisi 13-cü qola imza atmaqla, nəhəng turnirlərdə şəxsi rekordunu yeniləyib. Daha öncə 1934, 1982 və 2006-cı il Dünya çempionatlarında “Skuadra Adzurra” 12 dəfə fərqlənmişdi.

Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb. Bu, 90 dəqiqə boyunca taleyi həll olunmayan 7-ci final qarşılaşması olub. 1960, 1976, 1996, 2000 və 2016-cı il Avropa çempionatlarında qalib əlavə vaxtda müəyyənləşib. AVRO-1968-də də eyni hal baş verib. Ancaq reqlamentə uyğun olaraq, iki gün sonra yenidən həlledici qarşılaşma keçirilib.

AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib – 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.

Bundan öncə “Skuadra Adzurra” AVRO-1968-in qalibi olub.

EURO 2020 Avropa Çempionatı – Final (11 iyun 2021)

23:00. İtaliya – İngiltərə – 1:1 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ – 3:2)

Qollar: Leonardo Bonuççi, 67 – Lük Şou, 2

Penaltilər seriyası

Domeniko Berardi (1:0)
Harri Keyn (1:1)
Andrea Belotti (1:1)
Harri Maquayr (1:2)
Leonardo Bonuççi (2:2)
Markus Reşford (2:2)
Federiko Bernardeski (3:2)
Ceydon Sanço (3:2)
Jorjinyo (3:2)
Bukayo Saka (3:2)

Baş hakim: Byörn Kuypers (Niderland)
London, “Uembli” stadionu

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın