Azərbaycan milli komandasının keçmiş futbolçusu Samir Zərgərov son vaxtlar futbolumuzda yaşananlarla bağlı düşüncələrini bildirib. İndi “Səbail”in aşağı yaş qruplarında məşqçilik edən keçmiş yarımmüdafiəçi yığmanın son oyunları haqqında danışıb. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:

“Oyunlara baxıram. Milli məğlub olanda hamımız narahatlıq keçiririk. Qismət olar, qələbələrini görərik. Çatışmazlıqlara gəlincə, De Byazinin taktikasının, fikrinin necə olduğunu deyə bilmərəm. Son oyunlarda demək olar, 4 mərkəz oyunçusu ilə, yəni cinah yarımmüdafiəçilərsiz oynadıq. Bilmirəm, De Byazi oyunlara baxır, ya yox. Turalla Azər Salahlını eyni cinahda oynadırsa, deməli, qələbə deyil, heç-heçə haqda düşünür. Onlar hər ikisi klublarında sol cinahda müdafiəçi kimi oynayırlar. Qələbəni fikirləşməlisən ki, heç-heçə olsun.

Mən heç vaxt mərkəzdə oynayan 4 oyunçu ilə meydana çıxmaram. Aleksey İsayev, Eddi İsrafilov, Qara Qarayev, Emin Mahmudov öz klublarında mərkəzdə oynayırlar. Bilinmirdi ki, sağ və ya sol cinah yarımmüdafiəçisi kimdir. Oyunçuarımız onu başa düşmürdü. Onları da qınamıram, çünki öz mövqelərində oynamırdılar.

Biz illər əvvəl Portuqaliya ilə heç-heçə edən, Finlandiyanı udan ölkəyik. Qazaxıstanı belə məğlub edirdik. Bəzi şeylərin üzərində işləmək, uşaq futboluna çox diqqət yetirmək lazımdır. Neçə aydır bu işin içindəyəm. Baxıram ki, potensiallı futbolçularımız var. Çünki gələcəkdə millimizdə onlar oynayacaq. Gözləmişik, 20 il də gözləyək. Ümid edək ki, müəyyən illərdən sonra onlar bizi sevindirəcək”.

Zərgərov “Hansı dəyişikliklər etmək olar ki, ötənilki 1 xal biabırçılığını təkrarlamayaq” sualına belə cavab verib: “Doğrudan da qrupda 1 xal yığmaq bizim üçün biabırçılıqdır. Məşqçilər, futbolçular çox işləməlidir ki, 1 deyil, 10 xal alaq. 1 xal bizim ölkə üçün doğurdan da faciə sayılır. Bu millidir. Kim formadadırsa, uyğun gəlirsə, o çağırılmalıdır. De Byazi nə düşünür, onu bilmirəm.

Baş məşqçinin dəyişdirilməsi çıxış yolu ola bilər. Ancaq elə məşqçi gətirilməlidir ki, mentalitetimizə yaxın olsun. Məncə, yerlilərə üstünlük vermək lazımdır. Çünki o insanlar Azərbaycanda yaşayacaq, futbolçularımızı tanıyır, gedib hər oyuna baxacaq. İnanmıram ki, hansısa yerli baş məşqçi mərkəzdə oynayan futbolçunu cinah yarımmüdafiəçisi kimi oynadar. Bilir ki, etsə, ölkədə qınaq obyekti olacaq.

Ona sual vermək istəyərəm ki, iki sol cinah müdafiəçisinin bir oyunda nə işi var? Azəri lap uşaqlıqdan tanıyıram. Ömür boyu solda oynayıb. Tural da “Qarabağ”da eyni mövqedə çıxış edir. Əslində, baş məşqçi futbolçularımızı tanımalıdır. Görün neçə aydır Azərbaycandadır. Qapıçımız, müdafiəçilərimiz var. Adlarını çəkdiyim oyunçuların hamısı öz klublarında daim əsas heyətdə yer alırlar. Onları sadəcə, düzgün mövqedə oynatmaq lazımdır. Doğrudan da hücumameyilli oynaya bilərik. Bunun üçün potensialımız var”.

Zərgərov Millətlər Liqasındakı şanslarımızı da dəyərləndirib: “Milli elə bir yerdir ki, ora dəvət alanda mən gecə yatmırdım. Təkcə De Byazi, AFFA deyil, bütün futbol ictimaiyyəti çalışmalıdır ki, bircə o nöqtəmiz düzgün olsun. Çünki dünyada bizi ancaq onlar tanıdır. Milli nə qədər yaxşı olsa, bu, klublarımıza da təsir edər.

Şanslarımıza gəlincə, son oyunlar müsbət heç nə göstərmədi. Ola bilər, qarşıdakı bir-iki ayda hər şey yaxşılığa doğru dəyişsin. Futbol elə oyundur ki, hər komandanı udmaq mümkündür. Sadəcə, düzgün istiqamət və uşaqların yaxşı hazırlaşması lazımdır. Məsələn, Səlahətin milliyə qayıtmasına sevindim. Bəlkə də oyunun ən yaxşılarından idi. Belə oyunçuları qazanmaq lazımdır.

Oyunlarda baxıram ki, “milliləşdirilənlər”in heç biri himnimizi bilmir. Öncə himni öyrənməlidirlər. Bu, çətin iş deyil. Hər kəs kimi onlar da oxusun. Bəlkə bundan sonra özlərini azərbaycanlı hiss edərlər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın