Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyub Ərdoğan Suriyanın xəritədən yox olmağa doğru getdiyini deyib. “Suriya xəritədən silinməyə doğru gedir. Buna göz yummaq olmur”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan NATO-nun Varşavada keçirilən sammitinə yola düşməzdən öncə jurnalistlərə verdiyi açıqlamada deyib.

O bildirib ki, miqrantlar məsələsində NATO Türkiyəni tək buraxmamalıdır.

“İraq və Suriyadakı durum sammitin və ikitərəfli görüşlərin başlıca gündəmi olacaq. Hər keçən gün Suriyadakı durum başqa yola yönəlir. Bu məsələlər ordadakı bütün görüşlərimizdə müzakirə olunacaq”, – deyə Ərdoğan bildirib.

Daha öncə Suriyadan olan qaçqınlara vətəndaşlıq verəcəyini bildirən Ərdoğan NATO-nun bu məsələlərdə daha çox səy göstərməli olduğunu deyib.

Bu mərhələdə NATO daha aktiv fəaliyyət göstərməlidir. NATO-nun yeni təhdidlər qarşısında özünü də gücləndirməsi çox önəmlidir. Bu qurumun Türkiyəni təhdid edən hadisələr qarşısında daha çox səy göstərəcəyinə inanırıq.

İyulun 8-də Polşanın paytaxtı Varşava şəhərində NATO-nun toplantısı keçiriləcək. NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. Prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Ümumilikdə sammit üçün 2103 nəfər qeydiyyatdan keçib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gəlib.

Həmin toplantıya qoşulmaq üçün Ermənistan prezidenti Serj Sarkisyan da Polşaya yola düşüb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Sammitin işini 2 min jurnalist işıqlandıracaq. Onlar Varşavada Milli stadionunda futbol meydançasında qurulacaq çadırda toplaşacaqlar. Təhlükəsizliyin təmin olunmasına isə 6 min polis cəlb olunub.

Bu, Krımın ilhaqından və Rusiya – Ukrayna münaqişəsinin başlamasından sonra keçirilən ilk NATO sammitidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın