Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasına qoşulması çərçivəsində Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşüb.

XİN-dən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin indiki durumu və inkişaf perspektivləriylə bağlı fikir mübadiləsi aparıldı, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq bildirildi.

Tərəflər Azərbaycanla AB arasında tərəfdaşlığın yeni müstəviyə qaldırılması üçün tezliklə danışıqlara başlamağa hazır olduqlarını, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd etdilər.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son durumuyla bağlı geniş bilgilər verən nazir Elmar Məmmədyarov, Ermənistanın Azərbaycan torpaqlarının işğalını sürdürməsi və yürütdüyü destruktiv və təxribatçı siyasətin qarşıdurmanın çözümünə və regionda barışın və sabitliyin təmin olunmasına xələl gətirdiyini vurğuladı. O, bunu da bildirdi ki, Azərbaycanın problemin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

Federika Mogerini də öz növbəsində Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu diqqətə çatdırdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın