Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyevin apasport.az saytına müsahibə verib.

– Hazırlığa keçməzdən əvvəl son günlərdə cəbhə xəttində baş verən döyüşlərlə bağlı təəssüratlarınızı bilmək istərdik…

– Ordumuzun bir neçə yüksəkliyi işğalçılardan azad etməsi əlbəttə, hər birimizdə qürur hiss yaradır. Düzdü, torpaqlarımızın cüzi hissəsini geri qaytarmışıq, amma bu, istənilən halda qələbədi. Ordumuza güvənirik. Şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Onların qanı yerdə qalmayacaq. Ordumuzun əzmkar, qələbə soraqlı yürüşü davam edəcək.

– Cəbhədən gələn xoş xəbərlər komandadakı ab-havaya təsir edirmi?

– Əlbəttə. Necə ki, döyüşçülərimiz qələbə qazanmaq üçün irəli atılıb, biz də öz “döyüş meydanımızda” buna nail olmağa hazırlaşırıq. Onlarla qürur duyuruq və biz də qələbəyə qələbə qatmaq istəyirik.

– Hollandiya ilə dünya çempionatının pley-off mərhələsinin cavab oyununa hazırlıq necə gedir?

– Baş məşqçinin planı var və ona uyğun hazırlıq keçirik. Artıq cavab matçının hazırlığına başlamışıq. Yeganə məqsədimiz var: qələbəni qələbəyə qatmaq! Xalqımızı az da olsa, sevindirməyə çalışacağıq. Təbii ki, qazanacağımız qələbə və dünya çempionatına vəsiqə Azərbaycan əsgərinə hədiyyə olacaq.

– Səfərdə qazanılan 5:1 hesablı qələbə arxayınlaşma yarada bilərmi?

– Biz qarşıya qoyulan məqsədə hələ tam çatmamışıq ki, arxayınlaşaq. Əksinə, ciddi hazırlaşırıq. Bura qədər gəlib, Kolumbiyaya vəsiqəni hansısa ehtiyatsızlıq üzündən itirmək, əldən vermək istəmirik.

– İnkar etsəniz də, istər-istəməz bu hesab müəyyən qədər rahatlaşmağa səbəb olacaq…

– İlk məşqdə baş məşqçi hamını ətrafına topladı və səfərdəki oyunu unutmağı, məşqlərə ciddi yanaşmağı tələb etdi. Əks halda, həmin oyunçu heyətdən kənarda qala bilər. İlk görüşü hələ təhlil etməmişik. Baş məşqçi cavab qarşılaşmasında nələrə diqqət yetirməli olduğumuzu yaxın günlərdə deyəcək.

– Sizcə, nələrə diqqət etməli, hansı səhvləri təkrarlamamalısınız?

– Birinci oyunda zəif çıxış etmədik. Rəqibi yaxşı tanımırdıq. Amma oyunumuz uğurlu alındı. Fasiləyə üstün yollandıq. İkinci hissədə onları bir az da üstələdik. 5:1 hesablı səfər qələbəsi yaxşı nəticədi, amma boşluğa yol verməməliyik. Vacib olan dünya çempionatına yollanmaqdı.

– Böyük ehtimalla zalda anşlaq olacaq. Rəqibi təzyiqdə saxlamaq üçün bundan istifadə etmək mümkün olacaqmı?

– Hollandiyadakı oyunda biz yalqız qalmadıq. Qürbətçi həmyerlilərimiz bizi dəstəklədilər. Meydan sahiblərinin fanatları çox olsa da, həmyerlilərimiz onlardan geri qalmırdı. Təşəkkürümüzü bildirirəm. Bizim azarkeşlər daha fəaldı. Bu gün xalqımızda qələbə ruhu var. Həmin ruh yüksəkliyini zala toplaşacaq azarkeşlərdə də görəcəyik.

– Azərbaycan indidən Kolumbiyaya bilet sifariş edə bilərmi?

– İşin 50 faizini görmüşük. Çalışmalıyıq burda boşluğa yol verməyək. Yeganə problemimiz bu ola bilər.

– Mundiala gedəcək heyəti necə, gücləndirməyə ehtiyac varmı?

– Vəsiqəni qazanaq, sonra rəhbərlik bu məsələni müzakirə edəcək. Kimlərin mundiala yollanacağı bilinmir. Bu, baş məşqçinin qərarından asılı olacaq. İstənilən halda, orda da uğur qazanmalıyıq. Şəxsən mənim nə qədər gücüm var, komandaya kömək etməyə çalışıram. Bu gün heç bir problemim yoxdu. Sabah necə olacaq, onu demək çətindi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın