Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ” üzərində qələbə (3:2) qazanan “Sabah” ilk “3-lük”də yerini təmin etdi və tarixində ilk dəfə avrokuboklarda oynamaq hüququ qazandı. Masazır təmsilçisinin uğurlu mövsüm keçirməsində ən böyük rol oynayanlardan biri komandanın vingeri Coy-Lens Mikelsdir. “Futuristlər”in hücum xəttinin lideri olan almaniyalı futbolçu 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

YALAN.info bildirir ki, Mikels Oxu.az saytına müsahibəsində komandanın uğurlu çıxışı, çempionluq şansları barədə danışıb, Azərbaycanla bağlı düşüncələrini bölüşüb.

– “Qəbələ” ilə oyunda qalib gəlməklə ilk “3-lük”dəki yerinizi təmin etdiniz və klub tarixində ilk dəfə avrokuboklarda yarışmaq hüququ qazandı…

– Turnir cədvəlinin ilk pillələrində yer almaq gözəl hissdir. Lakin düzünə qalsa, həm mən, həm də komanda yoldaşlarım oyundan öncə turnir cədvəli barədə düşünmürdük. Biz bu matça yalnız evdə üç xal qazanmaq üçün çıxmışdıq. Avrokuboklar hələ növbəti mövsümdə olacaq. Qarşıda bizi çempionatın səkkiz oyunu gözləyir. İndi yalnız bu qarşılaşmalara köklənmişik. Qarşıdakı oyunlardan maksimum xal toplamaq və mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyirik.

– Çempionluq şanslarınızı qoruyursunuz. Lider “Qarabağ”ı taxtdan salmaq nə dərəcədə çətindir?

– Dediyim kimi, bizi qarşıda səkkiz oyun gözləyir. Əsas hədəfimiz bu görüşlərdən maksimum xalla ayrılmaqdır. Çempionatı neçənci pillədə bitirəcəyimizi mövsümün sonunda görəcəyik.

– Mövsümdən öncə əksəriyyət “Qarabağ” və “Neftçi”nin çempionluq uğrunda yarışacaqlarını gözləyirdi. Ancaq siz “ağ-qaralar”dan daha yaxşı performans göstərirsiniz. Uğurlu nəticələriniz nə ilə bağlıdır?

– Çalışmaq, çalışmaq və yenə çalışmaq. Ən əsası, məşqçilərin bizdən tələb etdikləri oyunu sərgiləmək.

– Bombardirlər siyahısındasınız və Musa Qurbanlıdan beş qol geri qalırsınız. Ona çata biləcəksiniz, yoxsa qalan səkkiz oyun üçün fərq çox böyükdür?

– Musa Qurbanlıya çatmaq çətin olacaq. Ancaq mümkünsüz heç nə yoxdur. Məsələn, “Qəbələ” ilə oyunda het-trik etmək üçün imkanlarım var idi, lakin alınmadı. Bu, futboldur, bəzən belə də olur. Qol vurub-vurmamağımdan asılı olmayaraq, hər oyunda komandama kömək etmək üçün əlimdən gələni edirəm.

– Karyeranızda ən yaxşı mövsümü keçirdiyinizi deyə bilərik? Daha əvvəl bu qədər məhsuldarlıq nümayiş etdirməmişdiniz…

– İndiki qədər olmasa da, ötən mövsüm də məhsuldar alınmışdı. Ancaq bu mövsümün məhsuldarlıq baxımından daha yaxşı olduğu fikri ilə razıyam. Nəzərə alaq ki, hələ səkkiz tur var. Statistikamı daha da yaxşılaşdıra bilərəm.

– Mövsümün geridə qalan hissələrinə baxdıqda hansı oyunlara görə təəssüflənirsiniz? Hansı ki, fərqli nəticə olsaydı, indi “Qarabağ”a daha yaxın olardınız…

– “Şamaxı” ilə ev (1:1) və səfər (1:2), “Qarabağ” (0:0) və “Turan Tovuz”la (0:2) ev oyunlarını qeyd edərdim.

– 2021-ci ildən “Sabah”dasınız. Keçən mövsüm istədiyiniz nəticələri əldə edə bilmirdiniz. Bu mövsüm nə dəyişib?

– Əvvəlki mövsümdə də yaxşı nəticələr əldə edirdik. Baş məşqçimiz Murad Musayev mövsümün əvvəlindən bizimlədir. Bundan əlavə, yayda gələn yeni futbolçular da komandanın gücünə güc qatdılar.

– Azərbaycanda həyatınız necə keçir?

– Mən Bakını çox sevirəm. Burada mənə xoşdur. Sadəcə, hərdən çox soyuq olur.

– Azərbaycan futbolunun, Premyer Liqanın hansı özünəməxsusluqları var?

– Burada heç bir oyun asan keçmir. Bütün matçlar çətindir. Hər komanda sona kimi mübarizə aparır.

Sabah 3:2 Qəbələ | Misli Premyer Liqası, 28-ci tur | İCMAL

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın