Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev Facebook sosial şəbəkəsində Azərbaycanın Ordusunun Prezidentin başçılığı ilə nisbətən az itki verərək çox qısa zamanda işğal altındakı torpaqları azad etdiyini vurğulayıb.

“Müharibə bizim qələbəmizlə başa çatdı. İki aya yaxın vaxtda bizim düşmənlərimiz və onların müttəfiqləri tərəfindən güclü təbliğat kompaniyası aparılıb. Bu kompaniyada hətta bir sıra dövlətlərin başçıları da iştirak ediblər. Belə ki:

1. Azərbaycan tərəfdə beş min siriyalı muzdlu döyüşüb. İndi göstərin görək onlar haradadırlar? Bu qədər muzdlunu harada gizlədiblər? Yalandır.

2. Azərbaycan tərəfdə türklər döyüşüb. Biz Türkiyə Cümhuriyyəti ilə xüsusi münasibətlərimizin olduğunu heç bir zaman gizlətməmişik. Hətta indi də, Türkiyə sülhməramlılarının bölgəyə gəlməsi ilə bağlı razılaşma bəzilərinin xoşuna gəlmir. Yalandır. Qələbə Azərbaycan ordusunun, onun zabit və əsgərlərinin şücaəti hesabına qazanılıb. Bununla belə biz Türkiyəyə və onun müşavirlərinə həm köməklərinə və həm də konflikt zamanı mövqelərinə görə təşəkkür edirik.

3. Səmada Türkiyə təyyarələri döyüşüb. Ermənistanın təyyarələrini məhz onlar vurublar. Bu yalanı da Moskvada ifşa etdilər.

4. İki ay sərasər deyirdilər ki, Azərbaycan blitzkriqi boşa çıxır. Artıq bəzi ərazilər işğaldan azad edilmişdi. Amerika kanallarından birində mənimlə söhbət zamanı Ermənistan Parlamentinin vitse-spikeri Alen Simonyan dedi ki, “Bir neçə metr azad eləmisiz”. Bu artıq oktyabrın sonları idi. Solovyovun verilişlərində bütün ekspertlər hücumun uğursuzluğundan danışırdılar. Yalandır.

5. Bütün hərbi əməliyyatlara Ərdoğan başçılıq edib. Azərbaycan özü heç nəyi həll eləmir. Yalandır. Azərbaycandakı bütün hərbi əməliyyatlara bizim hörmətli Prezidentimiz cənab ilham Əliyev başçılıq edib.

6. Azərbaycan ordusu hücum əməliyyatları zamanı böyük itkilər verib. Yalandır. Biz qonşularımıza nisbətən daha az insan və texnika itirmişik. Dəfələrlə az.

7. Azərbaycanda qeyri-sağlam ictimai-siyasi vəziyyət hökm sürür. Yalandır. Azərbaycan öz müstəqilliyi dövründə heç vaxt indiki kimi vahidlik və birlik nümayiş etdirməyib.

8. Azərbaycan şüurlu şəkildə xristian məbədlərini məhv edir. Yalandır. Biz multikulturalizmi öz dövlət siyasətimiz elan edən bir ölkəyik.

Azərbaycanda məbədlər, kilsələr, sinaqoqlar inşa edilir. Müsəlman ölkəsi olmağımıza baxmayaraq, biz qonşularımızdan fərqli olaraq bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşırıq, digər dinlərin ibadət yerlərini murdarlamırıq.

9. Azərbaycan ordusu heç bir zaman keçmiş muxtar vilayətin qəhrəman ordusuna və qonşularımızın nizami ordusuna qalib gələ bilməz. Deyirdilər ki, biz “alverçi millətik”, ancaq bizim qonşularımız “döyüşçü millətdir”. Yalandır. Bizim qəhrəmanlarımız Şuşanı əlbəyaxa döyüşlə azad elədilər. Bizim xalqımız öz əsgərlərimizlə fəxr edə biləcəyimizi sübut elədi. Biz ölkəmizin haqq savaşı uğrunda həlak olan bütün millətlərin övladlarının ruhu qarşısında baş əyirik.

10. Rusiya Ermənistana xəyanət elədiyi üçün onlar Türkiyə və Azərbaycanın birləşmiş qüvvələrinə qalib gələ bilmədilər. Yalandır. Rusiya Prezident Putinin timsalında bütün dünyaya bəyan etdi ki, Ermənistana silah və texnika göndərməklə hər zaman özünün müttəfiq öhdəliklərini yerinə yetirib.

Ancaq Rusiyanın prinsipial mövqeyi ondan ibarət idi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu keçmiş muxtar vilayətin müstəqilliyini tanımayan dünyanın bütün ölkələri bəyan etdilər. Keçmiş muxtar vilayətin müstəqilliyini tanımayan ölkələr arasında Ermənistan da var.

Və sonda. İndi bu dezinformasiya və yalanları heç kim yada salmır. İndi yeni fərziyyələr və yeni çağırışlar meydana gəlir. Biz onlara da hazır olmalıyıq. Ancaq ən vacib şeyi bizim qəhrəmanlarımız elədilər – sağ qalanlar və şəhadətə qovuşanlar. Bizim əsgər və zabitlərimiz. Və bizim bundan sonra əbədi olaraq dünya tarixinə qədəm qoyan Prezidentimiz.

Dahi, görkəmli Heydər Əliyevin oğlu atasının layiqli davamçısı olduğunu sübut etdi. Heydər Əliyev doxsanıncı illərdə ölkəmizi xilas elədi, yeni dövlətçiliyin təməlini qoydu. İlham Əliyev işğal altında olan torpaqları azad edərək, xalqın şərəf və ləyaqətini özünə qaytardı.

Mən təsəvvür edirəm ki, ata öz oğlu ilə necə fəxr edərdi. Onların hər ikisi bizim və dünya tarixində həmişəlik əbədi qalacaqlar!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın