Baş Prokurorluq Bakıda bir ailənin 5 üzvünün qətlinə görə sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib.

YALAN.info bildirir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətində deyilir:

“Fevralın 13-də bir ailənin 5 üzvünün (2-si azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, təqsirsizlik prezumpsiyası və istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin başvermə səbəbi və mexanizmi, əməli törətməkdə şübhəli bilinən şəxsi xarakterizə edən hallar, zərərçəkmiş şəxslər barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar, foto və videogörüntülər ictimailəşdirilib.

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik”.

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası jurnalistlərə çağırış edib

Onu da bildirək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanat yayıb. Bəyanatda deyilir:

“Fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirib.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir. Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.

Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilib, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulub, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilib, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgilənib.

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar.

Qanunazid fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətə bir daha çatdırılır”, – bəyanatda qeyd olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın