İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və başqa iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab haqqında ciddi ittihamlar irəli sürülüb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş adamının istintaqını aparan Nyu York prokuroru Prit Bharara onun neft pullarını Az vasitəsilə başda Bəşər Əsəd olmaqla Suriya hakimiyyətinə göndərdiyi iddiasını irəli sürüb.

Bundan başqa Zərrabın pul müqabilində azadlığa buraxılacağı təqdirdə qaça biləcəyini iddia edərək həsbdə saxlanmasını istəyən prokuror Bhararanın biznesmen haqqında apardığı araşdırmanın çox istiqamətli və beynəlxalq çərçivədə olduğu da ortaya çıxıb.

Prokurorun hazırladığı dosyeyə görə, İranın ən təsirli gücü olaraq bilinən İnqilab Mühafizəçiləri Ordusu ölkədə ticarət fəaliyyətində çox böyük təsirə malikdir və ordunun əldə etdiyi maddiyat orta şərqdə terrorizmə dəstək üçün istifadə edilir.

Sənəddə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Xarici  İşlər Nazirliyinin 2013-cü il tarixli raportuna istinadən “İnqilab Mühafizəçiləri Suriyada Bəşər Əsədə kömək üçün hərbçilərini bu ölkəyə göndərərək dünyanı təhdid etməyi davam etdirdiyi” də iddia edilib və Zərrabın Bank Məllat, Bank Qarafarin kimi İran maliyyə qurumları ilə əlaqələrinə diqqət çəkilib.

Dosyedə xüsusi diqqət çəkən bir başqa məqam isə “ilkin istintaq” sorğusu zamanı iş adamının hüquq-mühafizə orqanı əməkdaşlarına verdiyi ifadədə beynəlxalq səfərləri və mal varidatı məsələsində tam açıqlama verməməsidir.

İddiaya görə, Türkiyə, İran, Makedoniya pasportu olmasına baxmayaraq sadəcə Türkiyə pasportu olduğu barədə məlumat verən Zərrabın son 10 ildə istirahət üçün getdiyi yerlərin London, Avropa, Çin, Sinqapur və Tailand olduğunu bildirməsindən sonra müəyyən edilib ki, biznesmen Rusiya (2007-2010-cu illər arasında), Azərbaycan (2009), Səudiyyə Ərəbistan (2013 və 2015), Misir (2014), Liviyaya (2015) səfərlərini gizlədib.

Bununla yanaşı ittiham aktında Zərrabın Makedoniya və İran pasportu ilə getdiyi ölkələrin tam olaraq bilinmədiyi də göstərilir.

“Zərrabın pul qarşılığında azad ediləcəyi təqdirdə qaça biləcəyi ehtimalı isə onun Makedoniya passportunun olması ilə əlaqədardır. Çünki Makedoniya ilə ABŞ arasında təqsirli şəxslərin bir-birinə verilməsi barədə müqavilə yoxdur”. Bunu da prokuror öz hazırladığı sənəddə iddia edib.

İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində martın 19-da həbs olunub. Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilirdi. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Nyu York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən 33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.

Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib. Rza Zərrabın martın 19-da yaxalandığı və ertəsi gün məhkəmə qarşısına çıxarıldığı məlum olub. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.

FTB direktorunun müavini Rodrigezin bildirdiyinə görə Rza Zərrab və digərləri 2010-cu ildən 2015-ci ilə qədər beş il ərzində İran şirkətləri adından maliyyə fəaliyyətləri həyata keçirib və bununla İran qarşı tətbiq edilmiş sanksiyaları pozub.

İttiham aktına əsasən Rza Zərrabın işbirliyi qurduğu İran şirkətləri ABŞ-ın sanksiyaları altında olub. Bunların arasında İran Milli Bankı, İnqilab Keşikçiləri Korpusuna bağlı NIOC neft şirkəti, “Naftiran Intertrade Company Ltd” (NICO), inşaat və enerji şirkəti “MARNA Group” və başqaları yer alır. Rza Zərrabın sxeminin Türkiyə hissəsində yer alan şirkətlər isə “Royal Holding”, “Durak Döviz Exchange”, “Al Nafees Exchange”, “Royal Emerald Investments” və digərləri var.

Hürriyetin Vaşinqton müxbiri Tolqa Tanışın Mayamidə həbs olunan biznesmenin cəzasını aldıqdan sonra İrandakı amerikalı məhbuslarla mübadilə ediləcəyini yazıb. Belə ki, rəsmi Vaşinqton 9 ildir İranda yoxa çıxan Federal Təhlükəsizlik Bürosunun casusu Robert Levinsonu ölkəsinə gətirmək istəyir. Bunun əvəzinə İrana R.Zərrabı verməyi düşünür.

Rza Zərrab məşhur türk müğənnisi Ebru Gündeşin həyat yoldaşıdır. İlk həbsdən sonra iranlı iş adamının müğənni həyat yoldaşından ayrılması barədə məlumatlar yayılmışdı. Lakin E.Gündeş bu xəbərləri təkzib etmiş, ailə quranda bir-birlərinə həm yaxşı, həm də pis gündə dəstək olmaq sözü verdiklərini demişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın