Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında – Külliyedə ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

YALAN.info bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı və fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi. Daha sonra rəsmi foto çəkdirildi.

Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündən sonra geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:

– Hörmətli cənab Prezident, Əziz qardaşım. Hörmətli heyət üzvləri. Sizləri ən səmimi duyğularım və məhəbbətlə salamlayıram. Fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atmağınızdan sonra ilk rəsmi səfərinizdə Sizi Ankarada qonaq qəbul etməkdən böyük məmnunluq duyuram. Bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram.

Əziz qardaşımla bir az əvvəl çox faydalı bir görüş keçirdik, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələrimizi müzakirə etdik. Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi apardıq. İkitərəfli ticarət dövriyyəmizi bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırdıq. Təbii ki, bilirsiniz, hədəfimiz 15 milyard dollardır. Hörmətli Qardaşımla bu istiqamətdəki qətiyyətimizi möhkəmləndirdik.

May ayında Ankarada keçirəcəyimiz birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək. Bu gün imzalanacaq “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də hədəflərimizə çatmağımıza töhfə verəcək.

Geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərmişdir. 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olmuşdur. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm.

Hörmətli cənab Prezident ilə enerji sahəsindəki əməkdaşlığımızı ətraflı müzakirə etdik. Diqqəti Avropadan keçən layihələrdə birgə təşəbbüslərimizin artırılmasının önəminə cəlb etdik. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasına önəm verirəm.

Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram. Bu çərçivədə bir az sonra imzalanacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq.

Digər tərəfdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a bu il ev sahibliyi etməyinizdən böyük məmnunluq duyuram.

Dəyərli heyət üzvləri, Türk Dövlətləri Təşkilatımıza verdiyim böyük önəm sizə məlumdur. Növbəti fövqəladə Zirvə toplantımızı, inşallah, Şuşada keçirəcəyik. Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edirəm. Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. Təşkilatımız çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram.

İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram.

Ev sahibliyinizlə keçirilməsi nəzərdə tutulan növbəti Zirvə toplantısı ilə əlaqədar dəstəyimiz tamdır. Azərbaycanın D8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyirik. Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik.

Bu düşüncələrlə çıxışımı bitirərkən hörmətli qardaşım Əliyevə və dəyərli heyətinə bu səfərə görə bir daha təşəkkür edirəm. Qarşıdakı dövrün Türkiyə və Azərbaycan üçün xeyirli olmasını Uca Rəbbimdən diləyirəm.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Əziz Qardaşım, hörmətli cənab Prezident. Əziz dostlar. İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Siz də qeyd etdiyiniz kimi, mənim prezident seçkilərindən sonra ilk rəsmi səfərim qardaş Türkiyəyədir. Bu da təbiidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir.

Bu gün təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik, bu il üçün və gələcək illər üçün “Yol xəritəsi”ni bir daha gözdən keçirdik. Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi. Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir. “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlər sürətlə gedir. Ümid edirəm ki, bu il və ya gələn il bu gözəl mərkəz açılacaqdır. Eyni zamanda, Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik.

Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın geniş tərkibdə görüşü olub

Görüşdə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olundu.

İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulandı.

Dövlətimizin başçısı bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirdi. Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulandı.

Prezident Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırıldı.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını dedi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirildi.

Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunuldu.

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı imzaladılar.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzaladılar.

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Azərbaycan-Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Öncə Türkiyə Prezidenti çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

– Hörmətli cənab Prezident, əziz Qardaşım. Hörmətli nazirlər, hörmətli mətbuat nümayəndələri. Sizləri ən səmimi hisslərlə, hörmətlə, məhəbbətlə salamlayıram. Əziz Qardaşım İlham Əliyevi xalqının yüksək etimadı ilə beşinci dəfə Can Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edirəm.

İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram. Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm.

Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi haqsızlıqlara məruz qaldı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik.

Hörmətli mətbuat nümayəndələri, əziz Qardaşımla görüşlərimizdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini nəzərdən keçirdik, regional və beynəlxalq məsələləri dəyərləndirdik. Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik.

Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır.

Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfərim zamanı hörmətli Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunu bu düşüncə ilə imzaladıq.

TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm.

Hörmətli mətbuat nümayəndələri, görüşlərimizdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm. Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm.

Görüşlərimizdə İsrailin Qəzzada bütün insanlıq dəyərlərini və beynəlxalq hüququ ayaq altına alan qətliamlarını və bölgəmizi maraqlandıran digər münaqişələri də müzakirə etdik.

Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm. Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq.

Çıxışımın sonunda dəyərli Qardaşım Əliyevə səfərə görə bir daha təşəkkür edirəm. Rəbbim məhəbbətimizi və qardaşlığımızı daimi etsin.

Sonra Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Əziz Qardaşım, sayın Cümhurbaşqanı, hörmətli xanımlar və cənablar. İlk növbədə, mənə göstərilən qonaqpərvərliyə və dəvətə görə, əziz qardaşım, Sizə minnətdaram. Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir.

Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.

Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

Hörmətli Cümhurbaşqanı söylədi ki, bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.

Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.

Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.

Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar konkret planlarımız var. Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır.

Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Bir daha əziz Qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm və fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycana dəvət etmək istəyirəm. Sağ olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın