İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 6 komandanın iştirak etdiyi qarüstü polo üzrə ən nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire” komandası təmsil edir.

Yanvarın 27-dən başlayan yarışda “Land of Fire” komandası bu gün ikinci qarşılaşmasına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal oyununda 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib.

Oyunun əvvəlində hesabda geri qalan “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final mərhələsinə vəsiqə qazanıb. Komandamızın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Clinique La Prairie” komandası olacaq.

Final qarşılaşması yanvarın 30-u Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Onu da bildirək ki, qarüstü poloda bütün oyunçular sağ əllərindəki çubuqla oynamalıdırlar: sol əllə çubuq tutmaq qaydaları pozmaq deməkdir. Solaxay oyunçular mütləq sağ əllə oynamağı öyrənməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın