Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla toplamda Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ toplantı keçirib. Toplantıda aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün uyğun vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib. Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ duruma nəzarət edir.

Erməni KİV-lərinin məlumatına görə, Azərbaycan tərəfinin cavab tədbirləri nəticəsində ölən erməni hərbçilərinin sayı 200-ə çatıb.

Azərbaycan MN-dən verilən məlumata görə, sentyabrın 13-ü saat 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və başqa ağır silahlardan istifadə olunmaqla sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur. Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın