Bloger Nail Kəmərli: narkotiklə bağlı mahnılar da gəncləri cəlb edə bilər. Mahnılar insanları tədricən o yola cəlb edir, uçuruma aparır. Mən Daxili İşlər Nazirliyinə məsləhət görərdim ki, bu mahnıları oxuyanlar həbs olunsunlar.

Bu gün bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya təəssüf ki, ölkəmizdə də günü-gündən daha geniş kütləni ağuşuna alır. Dövlətimiz bütün güc və imkanlarını səfərbər edib bu bəlanın kökünün kəsilməsi yönündə zəruri qanunvericilik bazası yaradaraq uyğun beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb.

Bloger Nail Kəmərli də “Ağ ölüm” adlandırılan bu bəlanın qurbanlarını çəkib cəmiyyətə təqdim etməklə məşğuldur. Bununla bağlı Sputnik Azərbaycan-a müsahibə verən bloger düşünür ki, çəkdiyi videolar vasitəsi ilə o həm cəmiyyəti maarifləndirər, həm də narkotik qurbanlarını cəmiyyətə təqdim etməklə bu yola addım atanları yolundan döndərə bilər:

“Cəmiyyətdə günü-gündən çoxalan narkotik qurbanlarını gördükcə mən öz övladımı düşünürəm. Düşünürəm ki, narkotikin növbəti qurbanı mənim övladım ola bilər. Öz övladımı düşündüm, qərara aldım ki, belə bir addım atım”.

Müsahibimiz çəkilişlərə başladığı günə qədər narkotik vasitələr haqqında məlumatsız olduğunu sözləyir. Onun fikrincə, narkomaniyanın qurbanı olanların əksəriyyəti məlumatsızlıqdan özlərini məhv ediblər:

“Heç özüm də bilmirdim “patı” nədir, “şüşə” nədir. Eləcə də başqa narkotik vasitələr haqqında məlumatsız idim. Düşündüm ki, çəkdiyim videolar vasitəsi ilə mən həm cəmiyyəti maarifləndirərəm, həm də narkotik qurbanlarını cəmiyyətə təqdim etməklə bu yola addım atanları yolundan döndərərəm. Tutaq ki, mənə bir nəfər gətirib narkotik vasitə təqdim edir. Mən onun nə olduğunu bilmirəm. Soruşuram ki, bu nədir? Deyəcəklər “patı”. Araq kimidir, istəsən içirsən, istəməsən yox. Mən onu qəbul edəcəm, bir müddət sonra olacam növbəti qurbanlardan biri. Amma mən onlar haqqında məlumatlı olsam, imtina edəcəm”.

Bloger əlavə edib ki, narkomanları bu bəladan xilas etmək üçün onlarla həmsöhbət olmaq lazımdır. Onları cəmiyyətdən təcrid etməklə biz onları uçuruma sürükləyirik:

“Narkomandan qorxmaq lazım deyil. Mən bu videoları çəkəndən sonra gördüm ki, narkomanlar söhbət etmək, ünsiyyət qurmaq istəyirlər. Çünki, onlar cəmiyyətdən təcrid olunublar. Çünki, onlardan hər kəs qorxur. Onlardan qorxduqca onlar daha da özlərinə qapanırlar. Çünki, onlar əsəbləri gərgin olan insanlardır”.

Yutuberin fikrincə, KİV-lərdə narkotik vasitələr göstərilən zaman aydın göstərilməlidir. O fikrini belə əsaslandırır:

“Mənə ixtiyar verilsəydi, mən narkotik maddələrin fotolarını aydın verərdim. Tam aydın görünsün ki, insanlar adi dərman pereaparatları ilə narkotik tipli maddələri ayıra bilsin. Həmin maddələri elə hazırlayırlar ki, uşaqları bununla cəlb etmək olar. Rəngarəng, ulduz, ay və digər formalı vasitələr hazırlayırlar ki, cəlb etsin”.

“Hər şeyin bahalısı və ucuzu olduğu kimi narkotik vasitələrin də bahalısı və ucuzu var” deyən həmsöhbətimiz son dövrlər geniş yayılmış “patı”nı ən zərərli maddələrdən hazırlandığını söyləyib:”Bu da gəncləri daha tez məhv edir. Başqa vasitələrdən daha zərərlidir. Bahalısı ucuzuna nisbətən daha gec öldürür. Nəticədə hər ikisi insanı məhvə aparır”. Müsahibiz vurğulayır ki, narkomaniyanı təbliğ edən mahnılar da gəncləri “ağ ölüm”ə aparan yoldur:

“Heç kəs heç kimi bu yola məcbur etmir. Öncə hansısa narkotik alverçisi narkotik təklif edir. Qarşı tərəfin məlumatsızlığı və buna meyli varsa, mütləq o yola gedəcək. Narkotiklə bağlı mahnılar da gəncləri cəlb edə bilər. Mahnılar pillə-pillə insanları o yol cəlb edir, uçuruma aparır. Mən Daxili İşlər Nazirliyinə məsləhət görərdim ki, bu mahnıları oxuyanlar həbs olunsunlar”.

Kəmərli düşünür ki, o istədiyinə az da olsa nail ola bilib. Belə ki, onun videolarımdan sonra narkotiki tərgidənlər var:

“Bəzi insanlar etiraf edirlər ki, sənin videolarını dostlarıma baxmağı məsləhət görmüşəm. Onlar baxandan sonra narkotiki tərgidib. Narkotikdən uzaqlaşmaq siqaretən daha çətindir. Bunu narkomanların özləri etiraf edirlər. Ona görə də gənclərə məsləhətim budur ki, siqaretdən də uzaq olsunlar”.

Haşiyə: Müsahibə zamanı Nail Kəmərli narkotik vasitələrin qurbanı olan, sonradan bu bəladan qurtarmaq üçün mübarizə aparan qəhrəmanları ilə əlaqə saxladı. İndi həmin insanların müalicəsinin yaxşı getdiyini, bəzilərinin isə tamamilə bu bəladan qurtulduğunu öyrəndik. Təəssüf ki, Nailin qəhrəmanlarının içində “ağ ölüm”ə təslim olanlar da var…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın