Serbiyanın paytaxtı Belqraddakı Dünya Çempionatında Azərbaycanlı yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi gürcüstanlı Nuqzari Tsurtsumiya olub.

YALAN.info bildirir ki, qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında qabaq təmiz qələbə ilə üstələyib – 8:0.

Beləliklə, Əzizli karyerasında ikinci dəfə Dünya Çempionu olub. O, ilk dünya “qızıl”ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa Çempionu olub.

Eldənizdən sonra Ülvi Qənizadə də final görüşünü keçirib. 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə sona çatıb – 7:4. Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub.

Onu da yada salaq ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa Çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi – 8:2.

İkiqat dünya çempionumuz müsahibə vaxtı canlı yayımda ağladı

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib. 30 yaşlı pəhləvan 55 kq çəki dərəcəsində ikiqat dünya çempionluğunu avqustun 19-da xəstəlikdən dünyasını dəyişmiş Vətən müharibəsi qazisi, polkovnik-leytenant Seymur Zülfüqarova həsr etdiyini bildirib.

Əzizli emosional durumunun səbəbini belə açıqlayıb: “Bu qələbəmi çox önəmli şəxsə həsr etmək istəyirəm. Hansı ki, Müzəffər Ordumuzun qalib komandiri var idi. Mən yarışa gəlməmişdən 15 gün əvvəl qucağımda dünyasını dəyişdi. Polkovnik-leytenant Seymur Zülfüqarov da çempion olmağımı çox istəyirdi. Düşünürəm ki, sağ olsaydı, ən azı mənim qədər duyğulanar və fəxr edərdi”.

Titullu idmançı 4 il öncə qazandığı dünya çempionluğu ilə indikini də müqayisə edib: “Birinci dəfə dünya çempionu olanda işin nə yerdə olduğunu tam bilmirdim. Ancaq 4 ildir ikinci dəfə Dünya çempionu olmağı arzulayırdım. Sübut etmək istəyirdim ki, buna layiqəm. 4 il arzuladığım qələbəni Allah indi mənə nəsib edib. Bu il qatıldığım bütün yarışlarda maksimum nəticə vermişəm. Düşünürəm ki. bunların ardı gəlməlidir. Millətimizi medallarımızla daha da çox sevindirməliyik. Bu da mənə nəsib oldu. Bunun üçün nə qədər şükür etsəm, azdır”.

30 yaşlı pəhləvan finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumiya ilə 9-cu dəfə üz-üzə gəldiyini yada salıb: “Özümə inanırdım. Ancaq buna baxmayaraq o, Dünya çempionudur. Görüşün həyəcanı var idi. İllərdir Dünya Çempionatının finalına çıxmağı arzulayırdım. Bu qələbə sevindiricidir. Səhvsiz mübarizə aparmaq üçün əlimdən gələni etdim. Heç kimə xal vermədən, hər görüşdə vaxtından əvvəl qələbə qazanaraq Dünya Çempionu oldum. Bu il bütün gücümüzü qoyduq. Allah bu çempionluğu bizə nəsib etdi”.

Təcrübəli güləşçi Olimpiya Çempionu Fərid Mansurovun mundiallarda qazandığı uğuru təkrarladığını yada salıb: “Məhyəddin Allahverdiyev müstəqillik illərindən əvvəl 3 dəfə Dünya Çempionu olub. Hədəf ona çatmaqdır”.

Dünya çempionu Eldəniz Əzizli göz yaşlarını saxlaya bilmədi – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın