İraqda oktyabrda keçirilən son parlament seçkilərindən sonra Nümayəndələr Şurasının ilk toplantısı deputatlar arasında münaqişənin baş verməsi və spikerin gözlənilmədən xəstəxanaya yerləşdirilməsi səbəbindən təxirə salınıb. 

Məlumata görə, ən yaşlı deputat Mahmud əl-Məşhədaninin sədrliyi ilə keçirilən parlamentin toplantısı son dərəcə gərgin şəraitdə başlayıb. Nüfuzlu İmam Müqtəda əs-Sədrin şiə bloku ilə Şiə Koordinasiya Birliyi arasında hansının ən böyük fraksiya olması ilə bağlı mübahisə kəskin münaqişəyə çevrilib.

Belə bir durumda 73 yaşlı əl-Məşhədani özünü pis hiss edib. Parlamentə təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb. İndi siyasətçinin səhhəti stabilləşib. Ağsaqqal deputat xəstəxanaya yerləşdirildikdən sonra ikinci ən yaşlı millət vəkili toplantını keçirməkdən imtina edib və növbəti məsləhətləşmələr üçün toplantı təxirə salınıb.

Qeyd edək ki, sünni Mahmud əl-Məşhədani artıq 2006-2009-cu illərdə İraq parlamentinə rəhbərlik edib. İlk toplantıda siyasi fraksiyaların əksəriyyəti parlamentin əvvəlki çağırışına sədrlik etmiş Məhəmməd əl-Halbusinin yeni müddətə spiker kimi irəli sürülməsini dəstəkləyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın