Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.

YALAN.info bildirir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilir.

Yada salaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan tərəfinin məlumatına görə, qarşı tərəfin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İndi sərhəddə durum sabitdir, atəşkəsə əməl olunur. 

Onu da bildirək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha öncə bu günədək Azərbaycan tərəfinin 32 və 95 olmaqla toplam 127 erməni hərbçinin meyitini Ermənistana təhvil verdiyini açıqlamışdı. İndi isə son təxribatlardan sonra Ermənistana təhvil verilən erməni hərçilərinə aid meyitlərin toplam sayı 133-ə çatıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın