Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıblar. Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun həmin istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyindən vurğulanıb ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi ilə bağlı yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – deyə Azərbaycan MN məlumat yayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın