Aytən Səfərova: Gözəl, ancaq savadsız aparıcıları efirdə görmək istəməzdim

ATV telekanalı ilə yollarını ayırmağa qərar verən aparıcı Aytən Səfərova Xəzər TV-də işə başlaması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Publika.az-a müsahibəsində kanaldan çıxmasının səbəblərindən danışmaq istəməsə də, artıq yeni bir layihə üzərində çalışdığını və tezliklə tamaşaçıları sevindirəcəyini deyib.

– Aytən xanım, yeni mövsümdən başlayaraq Xəzər kanalında çalışacağınız barədə xəbərlər yayılır.

– İndi işləmirəm və bu haqda heç nə deyə bilmərəm.

– Həyata keçirmək istədiyiniz bir televiziya layihəsi varmı?

– Belə bir layihə nəzərdə var, ancaq indi rəsmən heç bir yerdə işləmirəm. Rəsmən çıxmazdan öncə bir sıra kanallardan təklif gəldi, bir neçəsinə özüm müraciət etdim. Başqa qurumdan da təklif gəldi. Düşünürəm, qərar verməmişəm. Əsas harada olmağım yox, görülən işin keyfiyyətidir.

 Maarifləndirici, yoxsa əyləncəli bir veriliş olacaq?

– Bu illər boyunca çalışmışam ki, efirdə olmasam belə tamaşaçılar düşüncələrimdən düzgün nəticə çıxarsın, durumu dəyərləndirə bilsin, faydalı bilgi alsın. Efirdə hər zaman çalışmışam ki, bu plankanı qoruyub saxlayım. Fərqi yoxdur, hansı səpgidə veriliş aparacam, istənilən halda öz dəsti-xəttimi qoruyub saxlayacam. Tamaşaçı efirdə həmin Aytən Səfərovanı görəcək.

Ümumiyyətlə, efirdə müəyyən müddət olmasam da, insanların yaxınlaşıb “Niyə efirdə yoxsunuz” soruşması o deməkdir ki, yaddaqalan sima və yaddaqalan verilişlərin aparıcısı olmuşam. Bundan sonra da eyni prinsiplərə sadiq qalmaq şərti ilə tamaşaçılar qarşısına çıxmağa hazıram.

– Yerli aparıcı və verilişlərlə rəqabətə girmədən seçilməyi necə bacarırsınız?

– Aparıcının uzun müddət öz şirəsində qaynamasını və bişməsini xoşlamıram. Həmişə öz üzərimdə çalışmışam, yeniliklərə can atmışam. İstər xəbər, istər əyləncə, istərsə də publisistik verilişlərin sistemi dayanmadan inkişaf edir və mən də bu yöndə dayanmıram. Öz beynimin məhsulu ilə efirə çıxıram və onu hansı tərzdə tamaşaçıya çatdırmağı bilirəm. Daha çox xarici kanallara baxır və bəhrələnirəm.

– Başqa kanala keçmək aparıcını yorur, ya da işinə mənfi təsir göstərir?

– Dünyanın bir çox yerində belə bir təcrübə var. Məsələn, CNN-in aparıcısı indi NBC kanalında “Today” şousunu aparır. Bu, normaldır. Düşünürəm ki, hər bir aparıcının özünün tamaşaçı auditoriyası var. Bu aparıcılar tamaşaçılarını da özü ilə birgə bir kanaldan o biri kanala aparmağı bacarır. Elə verilişlər var ki, proqrama görə baxılır, aparıcısı dəyişsə də, məzmun dəyişməz olaraq qalacaq.

Mən həmişə çalışmışam ki, aparıcıya görə verilişə baxım. Tamaşaçılar da bilir ki, o aparıcının apardığı verilişlər bir çox hallarda maraqlı olacaq. Yeni layihəmə gəldikdə, necə olacağını zaman göstərəcək.

– Yeni mövsümdə kanallarda nəyi görmək istəməzdiniz?

– Gözəl, amma bisavad aparıcıları efirdə görmək istəməzdim. Gözəllik tək zahiri görünüşlə deyil, savadla ölçülməlidir. Elə xəbər aparıcısı var ki, adicə yer adlarını deyə bilmir, səlis danışıq və qabiliyyət yoxdur. Bir sözlə, efirdə savadlı aparıcı görmək istəyirəm. Tək mən yox, hamı savadlı və dünyagörüşlü aparıcı görsün.

– “Aparıcı gözəl olmalıdır” kimi standartlar nəyə əsasən təyin olunur.

– Əl-Cəzirə kanalının və başqa öndə gedən dünya kanallarının aparıcılarına baxın, orda çalışanların hamısı baxımlı, eyni zamanda ağıllı və yetərincə təcrübəsi olan insanlardır.

Azərbaycanda aparıcı seçimi “gözəllik ondur, doqquzu dondur” məsəlinə əsaslanır. Dünya təcrübəsindən söhbət gedirsə, aparıcıda ən əsas talant, ağıl, axıcı danışıq və tamaşaçıya çatdırmaq bacarığı sayılır.

– Peşəkarlıq səviyyəsi ürəkaçan səviyyədə olmayan aparıcılara nə demək istərdiniz?

– Daim öz üzərlərində çalışsınlar. Özümə yüksək səviyyəlli bir peşəkar aparıcı demək istəmirəm, inkişaf etdirməli olduğum məqamlar əlbət ki, var. Bircə onu bilirəm ki, heç nə bilmirəm.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir