Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının erməni əsilli baş naziri, Liberallar Partiyasından millət vəkili Qledis Berecikliyanın (Gladis Berejiklianın) istefa verməsi ilə bağlı müxalifət tərəfindən çağırışlar artmaqdadır. 

Yeni Cənubi Uels ştatı Parlamentinin Liberal Partiyasının millət vəkili seçilmiş və 2018-ci ildə korrupsiya və dələduzluq üstündə biabırçı şəkildə istefaya getmiş Daril Maquyirin (Daryl Maguire) ştatın baş naziri ilə son beş ildə “yaxın şəxsi münasibətlərdə” olması aşkarlandıqdan sonra Q.Berecikliyanın da korrupsiya hallarında iştirakının mümkünlüyü ilə bağlı ittihamlar gündəmə gəlib.

Həmçinin, onun 2018-ci ildə D.Maquyirə qarşı başladılmış “Rüşvətxorluqla Mübarizə üzrə Müstəqil Komissiya”nın (ICAC) ilk istintaqı zamanı bu faktı gizlətməsi nazir kodeksini pozması kimi qiymətiəndirilib.

Qeyd edək ki, Yeni Cənubi Uels ştatı müxalifətinin lideri Codi Makkey (Jody McKay) Q.Berecikliyanı “fırıldaqçı” adlandıraraq, onu istefaya çağırıb.

Daril Maquyir ilə bağlı ICAC-ın başlatdığı 2-ci istintaqa cəlb edilən Q.Berecikliyan D.Maquyirin dələduzluq əməllərindən xəbərsiz olduğunu iddia edib, daha sonra mətbuat konfransında şəxsi həyatında “səhv etdiyini” etiraf etsə də, istefa etmək fikrində olmadığını açıqlayıb.

“Şəxsi həyatımda bu səhvi etsəm də, Yeni Cənubi Uels xalqına bacardığım qədər xidmət etmək niyyətindəyəm. Həmişə etdiyim budur, heç vaxt şəxsi həyatımı ictimaiyyətə açıqlamamışam və qalmaqal mənim üçün “şəxsi kabusa” çevrilib”, – o deyə bildirib.

Ştat parlamentin yuxarı palatasında və aşağı palatasında keçirilmiş etimadsızlıq səsvermələrindən qalib çıxsa da, NSW ştatı rəhbərinə qarşı KİV-də və sosial şəbəkələrdə təzyiq kampaniyaları davam etməkdədir.

Hazırda ICAC-ın növbəti dinləmələrində Q.Berecikliyanın əməkdaşlarının sorğu zamanı qrantlarla bağlı bir sıra sənədlərin məhv edildiyini açıqlaması KİV-də yeni müzakirə mövzusuna çevrilib.

Erməni əsilli Q.Berecikliyan 2017-ci ildən Yeni Cənubi Uels ştatının 45-ci baş naziri və Yeni Cənubi Uels Liberal Partiyasının rəhbəri seçilib. Q.Berecikliyan Avstraliya Parlamentinə ilk dəfə 2003-cü ildə seçilib, Uilloubi qəsəbəsini təmsil edib.

Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş naziri Q.Berecikliyan əsassız fəaliyyəti ilə Azərbaycan və Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirmək məqsədilə Yerevana şəxsi səfəri zamanı verdiyi bəyanatlar Avstraliya hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edib. Bundan başqa, Berecikliyan erməni icmasının maraqlarına uyğun fəaliyyət göstərərək, Avstraliya hakimiyyətinə təsir göstərmək rolunda çıxış edib.

Yada salaq ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin Nəqliyyat naziri qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına salınıb.

Q.Berecikliyan 2019-cu ildə Erməni Milli Komitəsi-Avstraliyanın qala tədbirində çıxış edərək Azərbaycan hökuməti tərəfindən qara siyahıya salınmasını şərəf nişanı kimi qəbul etdiyini söyləyib və başqa parlamentariləri də bu təşəbbüsə qoşulmağa çağırıb.

Həmçinin, 2012-ci ildə NSW ştat parlamentinin yuxarı palatası Qanunverici Şurası (Legislative Council) və 22 oktyabr 2020-ci ildə aşağı Qanunverici Assambleya (Legislative Assembly) tərəfindən keçmiş qondarma “DQR”-nin müstəqilliyinin tanınması ilə bağlı sənədlərin qəbul edilməsi də məhz Q.Berecikiiyanın təşəbbüsü ilə baş tutub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın