Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev UFC Vegas 44 turniri çərçivəsində öz dostu və keçmiş komanda yoldaşı Bred Riddellə (Brad Riddell) qalib gəldiyi qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Ataman” ləqəbli Rafael Fiziyev döyüşdən sonra zarafatla amerikalı məşhur aktyor, prodüser və ssenarist Vins Vonu (Vince Vaughn) döyüşə çağırmışdı. Həmin vaxt 51 yaşlı aktyor döyüşü izləyənlər arasında olub.

Daha sonra keçirilən mətbuat konfransından öncə o, anası ilə yazışdığını bildirib. Jurnalistləri gözlətdiyinə görə üzr istəməyi unutmayan idmançı 50 min dollar qazandığı döyüşlə bağlı bunları deyib: “Döyüşə başlayanda özümü narahat hiss edirdim. Çox da yox. Ancaq başa düşürdüm ki, dostum da olsa, bu, əsl döyüşdür. Ola bilər ki, o məni nokauta salsın, ona görə də bir az narahatlıq vardı.

Mən üçüncü raundu gözləyirdim. Qəfəsə (səkkiz guşəli oktaqon) girəndə gördüm ki, o, hər dəfə sağa tərəf gedəndə əllərini aşağı salır. Düşünürdüm ki, fırlanaraq arxaya yumruq, ya da ayaq zərbəsi vurmalıyam. Mən arxaya ayaq zərbəsi (buna MMA-da təkər zərbəsi deyilir) endirdim”.

O, Tailandda dost olduğu və “Tiger Muay Tay” idman zalında eyni məşqçinin təlimatları əsasında məşq etdiyi Bred Riddelli məğlub etməsinə görə çox da sevinmədiyini bildirib: “Bilmirəm mən buna görə üzgünəm, yoxsa şadam. Çünki dostunu bu hala salmaq elə də yaxşı duyğu deyil. Əlbəttə, şad da, qəmgin də ola bilərəm. Dəqiq bilmirəm, ancaq əlbəttə ki, mən xoşbəxtəm”.

Fiziyev MMA karyerasında nokautla başa çatan yeddi qələbədən ikisini oktaqonda qazanıb. O, kikboksçu kimi 29 idmançını nokauta salıb. Baxmayaraq ki, o buna çalışmadığını bildirib: “Döyüşlərimdə heç vaxt nokauta çalışmıram. Döyüşdən qabaq bunu edəcəyimə heç vaxt inanmıram. Mən ona qalib gəlmək istədim və buna nail oldum. Bu gün mətbəximə geri dönəcəyəm və nəsə bişirməyə çalışacağam”.

UFC kimi dünyanın ən məşhur MMA turnirində ardıcıl beşinci qələbəsini qazanan Rafael Fiziyev indi öz çəkisində (yüngül çəki) 13-cü güclü idmançıdır və bu qələbədən sonra onun reytinqi daha da yüksələcək. O, növbəti planı haqda yarızarafat deyib: “Növbəti planım Sinqapura 17,5 saatlıq uçuş həyata keçirməkdir. Sinqapurdan sonra isə Tailanda getməliyəm”.

Qeyd edək ki, Rafael Fiziyev Qazaxıstanda doğulub, Qırğızıstanda yaşayır. Onun atası azərbaycanlı, anası isə rusdur. Qırğızıstan bayrağı altında çıxış edən Azərbaycan əsilli MMA ustası dini təzyiqlərə görə Qırğızıstanı tərk etmək məcburiyyətində qalıb. “Ataman” bu döyüşə heç bir ölkənin bayrağı altında çıxmayıb.

Rafael Fiziev on Brad Riddell KO: “I don’t know if I’m sad or I’m happy” | UFC Vegas 44

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın