Yevlax rayonunda Vətən Müharibəsi (İkinci Qarabağ Müharibəsi) dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində kasetli bombanın partlaması nəticəsində Kəlbəcər rayon sakini, 1996-cı il doğumlu İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alaraq həlak olub.

Olayla bağlı Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir:

“Məlum olduğu kimi, fevralın 1-də Yevlax rayonunun Şurabad kəndi yaxınlığında hərbi sursat partlayışı baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.

ANAMA tərəfindən ərazidə aparılan araşdırma və yoxlamalar zamanı aşkar olunan partlayıcı qurğuların kaset tipli sursat kateqoriyasına aid olduğu müəyyən edilib. 2008-ci ildə Osloda imzalanan konvensiyanın şərtlərinə görə kasetli sursatların istehsalı, istifadəsi, daşınması və toplanması “Kasetli Sursatlara dair Beynəlxalq Konvensiya” ilə qadağan olunur.

44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən bu növ sursatlar həm döyüş bölgələrində, həm də Azərbaycanın şəhərlərində yaşayan dinc əhaliyə qarşı dəfələrlə istifadə edilib. Konvensiya ilə qadağan olunmuş silahların istifadəsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA əməkdaşları tərəfindən icra edilən təmizləmə əməliyyatları zamanı bu tip çoxlu sayda partlayıcılar aşkar edilərək zərərsizləşdirilib.

Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan edilmiş ərazilərə səfər etməməyə çağırır. Şübhəli və naməlum əşyalara rast gəldikdə “102” və “112” xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın