Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi neçə illərdir müzakirə olunur. Ancaq indi problem o qədər ciddidir ki, hətta dünya mediası da bundan yazır. Bu sahə üzrə mütəxəssislər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri səbəb kimi müxtəlif amilləri qabardır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Bizimyol.info saytının məlumatına görə, Almaniyanın “Der Tagesspiegel” qəzeti Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşməsindən danışan material yayımlayıb. Burada bizim üçün çox qorxulu sayılacaq iddia səslənib. Alman nəşri Xəzər dənizinin üçdə bir hissəsinin quruyacağını bildirib. “Der Tagesspiegel” elm adamlarının qənaətini yazıb. Eyni zamanda əhalinin gerçək təhlükədən xəbərsiz olduğu vurğulanıb. Dərginin yazdığına görə, Bakı Xəzər dənizinin sahillərini itirəcək.

“Yəqin ki, indiki Bakı əhalisinin nəvələri sahilə çatmaq üçün kilometrlərlə yol getməli olacaqlar. İstənilən halda Bremen Universitetinin Dəniz Tədqiqatları Mərkəzindən Matias Pranqenin hesablamaları da bundan xəbər verir. Onun hesablamalarına görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi daha 9-18 metr aşağı düşəcək. Dünyanın ən böyük qapalı su hövzəsi sahəsinin üçdə bir hissəsi itiriləcək”.

Bremen Universitetinin elmi işçiləri hesab edir ki, Xəzər dənizinin səviyyəsi gözlənildiyindən də sürətlə azalır. Artıq bir neçə ildir iqlim dəyişikliyi üzündən Volqadan su axını ilə buxarlanma arasında tarazlıq pozulur. Yəni qlobal istiləşmə suyun buxarlanmasının sürətinin artmasına birbaşa təsir göstərib.

Rusiya elm adamları bu qədər bədbin deyil. Onlar hesab edir ki, iqlim dəyişikliyi özü ilə başqa effekt də gətirəcək. Rusiyanın elmi dairələri yaxın illərdə çoxlu yağış yağacağını, Volqanın suyunun şox artacağını proqnozlaşdırır.

Pranqe də öz hesabatında bu məqamı diqqətdən qaçırmayıb. Amma o düşünür ki, Volqa yenə Xəzərin suyunu çatdıra bilməyəcək. “Der Tagesspiegel”in yazısında həm də bundan sonra Rusiya kənd təsərrüfatının Volqaya ehtiyacının artacağı xüsusi olaraq vurğulanıb. Pranqe hesablamasının bütün bədbinliyi ilə yanaşı, bu mənfi amili heç nəzərə almayıb.

Bioloq Tomas Vilke Xəzər dənizinin səviyyəsinin azalmasının böyük maddi ziyan gətirməyəcəyini fikirləşir. O, daha çox gölün şimal hissəsində yaşayanların əziyyət çəkəcəyini hesab edir.

“İnsanlarda nəsildən nəslə belə bir təcrübə formalaşıb: dənizin səviyyəsi aşağı düşər, sonra yenə yüksələr. Bütün dövlətlərdə siyasətçilər hesab edir ki, onun ölkəsi qonşuya nisbətən daha az zərər görəcək. Hesablamalar isə daha çox Qazaxıstan və Rusiyanın ziyan çəkəcəyini göstərir”.

Bremen Universitetinin əməkdaşları onların hesabatına ciddi yanaşmağı məsləhət görür. Hərçənd, bu da kömək etməyə bilər. Çünki Xəzərin sahillərində yerləşən ölkələrin su hövzəsini öz arasında bölməsi üçün təxminən 20 il danışıqlara ehtiyac olub. İki il öncə, nəhayət, ümumi anlaşma əldə edilib. Suyun səviyyəsinin sürətlə aşağı düşməsi həmin anlaşmanı da qüvvədən salır. Mütəxəssislər yeni maraqlar münaqişəsinin yaranacağından ehtiyatlanırlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın