Türkmənistan Avrasiya nəqliyyat marşrutlarının yaradılması üzərində işləyir.

YALAN.info bildirir ki, bununla bağlı Türkmənistanın Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov danışıb.

“Aşqabad Xəzər və Qara dənizlərindən keçən, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunu vahid nəqliyyat sisteminə birləşdirən, razılaşdırılmış norma və meyarlara uyğun fəaliyyət göstərən Avrasiya multimodal nəqliyyat və tranzit layihələrinin həyata keçirilməsi üzərində işləyir”, – deyə Q.Berdiməhəmmədov bildirib.

O, bu cür işlər üçün siyasi, diplomatik yardım və dəstək, həmçinin Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qərarların qəbulunun tələb olunduğunu vurğulayıb.

“Biz Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, regional strukturlar kimi beynəlxalq maliyyə və iqtisadi qurumları beynəlxalq nəqliyyat layihələrinə yetərincə dəstək verməyə və strateji qərarların qəbulunda iştirak etməyə çağırırıq”, – deyə o əlavə edib.

Q.Berdiməhəmmədov, həmçinin, bildirib ki, Türkmənistan bu sahələrdə danışıqlara açıqdır. Onun sözlərinə görə, Türkmənistan milli və beynəlxalq layihələrin həyata keçirilməsində iştirak üçün hər cür şərait yaratmağa hazırdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın