YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsovun Axar.az saytı ilə baş tutmuş müsahibəni təqdim edir:

– Siz 11 yanvar Moskva anlaşmasından sonra bölgədə proseslərin inkişafını necə proqnozlaşdırırsınız?

– Azərbaycan bu gün erməni işğalından azad edilmiş ərazilərin bərpası ilə bağlı ambisiyalı planlar nümayiş etdirir. İki beynəlxalq hava limanı, üç, ya da dörd çoxzolaqlı avtomobil yolu, rekonstruksiya işləri və dəmir yolunun çəkilməsi, regionun infrastrukturunu bərpa etmək öhdəliyi altında Zod/Söyüdlü yatağının Britaniya qızıl mədənçilərinə konsessiyaya verilməsi – bütün bunları ayaq üstə alqışlamaq olar. Əminəm ki, bütün bu planlar tam şəkildə və öncədən müəyyən edilmiş müddətlərdə yerinə yetiriləcəkdir.

Ədalət naminə vurğulamaq lazımdır ki, rəsmi Bakının bu ərazilərin reinteqrasiyası ilə bağlı planları 15 il bundan öncə var idi. Onlardan biri məndə də var və orada nəzərdə tutulanların çoxu indi reallaşır.

Sizin ölkəniz öz dövlət sərhədləri çərçivəsində bu işlərin artıq bu gün, 1 marta nəzərdə tutulan üçtərəfli hökumətlərarası komissiyanın yaradılmasını gözləmədən, planlaşdırılmasına başlayıb. Buna görə də tamamilə aydın şəkildə demək olar ki, Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat-iqtisadi əlaqələrin açılması üzərində artıq bu gün “qrafikdən qabaq” çalışır.

Ancaq Ermənistanın qabiliyyəti, ən başlıcası isə bu ölkənin dünyaya açılmaq istəyinin olması məndə hələ ki, şübhə doğurur. Sənədi imzalamaq bir şeydir, onu əməli surətdə həyata keçirmək tamamilə başqa. Bu isə iki əsas fərqdir.

Şübhə etmirəm ki, martın 1-də Baş nazir Paşinyan üçtərəfli hökumətlərarası komissiyanın tərkibinə Ermənistan tərəfindən daxil olan insanları tapacaq. Ancaq bu o demək deyil ki, Ermənistanın bu təşəbbüslərin reallaşdırılması üçün pulu olacaq, özəlliklə Rusiyanın bu yaxınlarda İrəvanın üzərinə 1 mlrd 150 mln. dollar həcmində silah krediti qoymasından sonra.

Ermənistan bu gün boğaza qədər borc içindədir. Odur ki, onun Cənubi Qafqazın iqtisadi həyatına reinteqrasiyası ilə bağlı xərclərini, çox güman ki, yenə də Rusiya maliyyələşdirəcək. Rəsmi Bakı isə Laçın dəhlizinin yeni marşrutunun maliyyələşdirilməsi məsələsini noyabrın 10-da əldə edilmiş anlaşmaya uyğun olaraq öz üzərinə götürüb. Zəngəzur dəhlizi boyunca da eyni durum olacaq.

– Ermənilər bütün bəlalarda Paşinyanı günahlandırmağa meyillidir. Onlar nəzərə almır ki, o, hakimiyyətə gələndə Ermənistan artıq problemlər içində batırdı. Bir çox beynəlxalq ekspert məhz ozamankı problemlər ucbatından Ermənistanın müharibədə məğlubiyyətə uğradığını vurğulayır. Bununla bağlı nə düşünürsünüz?

– Mən erməni cəmiyyətini bütün bəlalarında Paşinyanı günahlandırmasında o qədər də qəti olmamağa çağırardım. Ancaq məlumatınız olsun ki, belə insanlar Ermənistanda çoxluq təşkil etmir. Bunlar əsasən müxalifətin mitinqlərinə çıxanlar və saytlarda boş-boş məqalələr dərc edənlərdir. Üst-üstə maksimum 10 min nəfər. Mən hətta belə deyərdim: Bu gün bütün bəlalarda Paşinyanı günahlandıranların sayı Ermənistan tərəfinin müharibədəki itkiləri qədərdir.

Mənim fikrimcə, bu ölkə əhalisinin əsas hissəsi məhz Paşinyanı dəstəkləyir. Çiyinləri üstündə başı olanların hamısı bunu yaxşı bilir. Onu da qeyd edim ki, Paşinyanın hakimiyyətdən getməsi müharibədən sonrakı Qarabağ münaqişəsinin həlli prosesinə böyük zərbə ola bilər.

– İlham Əliyevin Şuşaya getməsi haqqında danışaq. 30 ildir bu torpaqların əzab-əziyyət, xarabalıq içində olması artıq heç kimə sirr deyil. Ancaq indi Şuşa da daxil olmaqla, bütün bu ərazilər inkişaf edəcək və yenə də öz gözəlliyi ilə hər kəsi cəlb edəcək. Niyə ermənilər Azərbaycan şəhər və rayonlarını zəbt etdikdən sonra məqsədyönlü şəkildə məhv edirdilər? Sizin fikrinizcə, 10-20 ildən sonra Qarabağ necə olacaq?

– Düşünürəm ki, ermənilərin 30 ildə Qarabağda törətdikləri Qərb liderlərinin bugünkü hərəkətləri ilə oxşardır. Qərbə də bu gün postsovet ölkələrinin özləri lazım deyil. Onlar Rusiya ilə Avropa arasındakı “yandırılmış torpaq” bufer zonası olaraq görülür, qəsdən xaosa və dağıntılara sürüklənirlər ki, Rusiya yenidən ora girə bilməsin, girsə belə, dirçəlişinə trilyonlarla dollar xərcləsin. Qərb bu ölkələri incitməklə əsas düşməni ilə mübarizə apardığını güman edir.

Elə həmin səbəbdən də erməni işğalçı hakimiyyətləri Qarabağın infrastrukturunu məqsədyönlü şəkildə məhv edirdilər. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu dağıntıları görsə, heç vaxt Qarabağı geri qaytarmağa çalışmayacaq. Ermənilər elə düşünürdü ki, işğal olunmuş əraziləri süni səhraya çevirsələr, buraların bərpasına Azərbaycandan heç kim qalxmayacaq.

Lakin onlar öz hesablamalarında yanlışlıq etdilər: Azərbaycan öz torpaqlarını yenidən dirçəldəcək və sıfırdan bərpa edəcək. Məhz bu Azərbaycan milli ruhunun erməni mentaliteti üzərində üstünlüyünün bariz nümunəsidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın