ABŞ-ın nüfuzlu “The Wall Street Journal” dərgisində “Ermənistanla birinci Qarabağ münaqişəsindən on illər sonra azərbaycanlılar tərk edilmiş şəhərlərə qayıtmaq üçün yarışırlar” sərlövhəli yazı yayımlanıb.

Müəllifi Enn M.Saymons olan yazıda yüzminlərlə azərbaycanlı məcburi köçkünün işğaldan azad olunmuş torpaqlara qayıtmaq sevinci ağdamlı Paşayevlər ailəsi, eləcə də vaxtilə Füzuli rayonundan məcburi köçkün düşmüş Elxan Xanəlizadənin timsalında oxuculara çatdırılır.

Məqalədə qeyd olunur ki, erməni qüvvələrinin yüzminlərlə azərbaycanlını Dağlıq Qarabağ və ətraf rayonlardan qovub çıxarmasından 30 il sonra, payızda Azərbaycanın öz ərazilərinin böyük bir qismini geri qaytarmasının ardından, Sayalı Paşayeva və onun kimi bir çox məcburi köçkünlər öz əzəli torpaqlarına qayıtmağın sevincini yaşayırlar. Lakin bu sevinc həm də bir çox suallarla müşayiət olunur. Geri qayıtmaq istəyən insanlar harada və necə yaşayacaqlarını hələ dəqiq bilmirlər. Çünki ötən illər ərzində onların bütün mülkləri və təsərrüfatları dağıdılıb.

Məqalədə məcburi köçkünlərin xatirələrinin ardından, münaqişənin tarixinə dair məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, münaqişənin ilk vaxtlarından Dağlıq Qarabağ BMT tərəfindən məhz Azərbaycanın tərkib hissəsi kimi tanınır.

Daha sonra yazıda məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün dövlət tərəfindən görülən və görüləcək işlərdən danışılır, qayıdış prosesinin uzunmüddətli olacağı bildirilir. Buna səbəb olaraq isə bütün nəqliyyat infrastukturunun dağıdılması, bərpa işlərinin məhz bu baxımdan çətinliyi vurğulanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın