Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən beş valyuta mübadiləsi məntəqəsinə minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi üçün altı ay vaxt verib.

AMB-dən bildirilib ki, bu tələblər dekabrın 23-də qüvvəyə minmiş “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması” və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”də müəyyən olunub.

“Dəyişikliklərin əsas məqsədi valyuta mübadiləsi əməliyyatlarının daha institusional, təşkilatlanmış və təhlükəsiz qaydada həyata keçirilməsi üçün hüquqi bazanın yaradılmasından ibarətdir. Qanunvericiliyə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısının yalnız nağd qaydada və fiziki şəxs müştərilərin sifarişi ilə həyata keçirilməsi mümkündür.

Yeni tələblərə uyğun olaraq, valyuta mübadiləsi xidmətlərini təqdim edəcək hüquqi şəxslər üzrə kapital tələbinin regional differesiallaşdırılması aparılıb, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun olaraq bu fəaliyyətin həmin ərazilərdə təşkili üzrə müvafiq kapital tələbləri minimal səviyyədə müəyyən edilib. Həmçinin, girov vəsaitinə dair tələblər də yenilənərək, minimum nizamnamə kapitalının 10 %-i məbləğində müəyyən edilib”, – məlumatda deyilir.

Bundan əlavə, Qayda ilə valyuta mübadilə məntəqələri üzrə təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri yenilənmiş, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramları üzrə əlavə tələb irəli sürülüb, digər bir sıra yeni tələblər müəyyən edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın