“Avropa Birliyi (AB) müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna səfəri zamanı bildirib.

“30 illik işğal dərin izlər buraxıb. Müharibənin dəhşətli bir şey olduğunu yadda saxlamaq lazımdır. Bununla belə, gələcəyə baxmaq gərəkdir. AB bunun bir örnəyidir”, – AB-nin xüsusi nümayəndəsi vurğulayıb.

O, Avropa ölkələrinin tarix boyu münaqişə və müharibələrlə üzləşməsinə rəğmən bütün fikir ayrılıqlarını arxada qoymağı bacardıqlarını yada salıb.

“Avropada da kilsələr, qəbiristanlıqlar, abidələr dağıdılmışdı. Bu, çox acı xatirələrdir, ancaq liderlərimiz İkinci Dünya Müharibəsindən sonra qərara gəldilər ki, gələcəyə baxmalı, daha yaxşı Avropanı bərpa etməliyik. Düşünürəm ki, bu örnək burada da keçərli ola bilər. Avropa Birliyi iki dünya müharibəsinin ağır nəticələrinin arxada qoyulması təcrübəsini Azərbaycan və Ermənistan ilə bölüşməyə hazırdır. Fərqli və daha yaxşı gələcəyi tapmağa yardım etmək üçün Azərbaycan və Ermənistan ilə işləməyə hazırıq”, – T.Klaar deyib.

Yada salaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa Birliyi arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir.

Avropa Birliyinin elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı geniş məlumat verib.

AB-nin xüsusi nümayəndəsi Qarabağ xanlarının abidələr kompleksi, İmarət qəbiristanlığı, Şəhidlər xiyabanlığı və işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib. T.Klaar həmçinin Ağdamda Cümə və Qiyaslı məscidi ilə tanış olub. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın