Türkiyənin İstanbul şəhərində öz işinə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu davam edir.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan mediaforuma video formatında müraciət ünvanlayıb.
Türkiyə Respublikası dövlət başçısının sözlərinə görə, Türk dünyası rəqəmsal faşizmdən başqa beynəlxalq medianın ikili standartından da çətinlik çəkir.
“Özəlliklə 44 gün davam edən Qarabağ müharibəsi zamanı şahidi olduğumuz riyakar münasibət ölkələrimiz üçün məsələnin önəmini ortaya qoydu. Ermənistan ordusunun dinc əhalini hədəf alan qırğınları və ballistik raket hücumları heç gündəmə gətirilmədi. Medianın müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdilər”, – deyə Türkiyə lideri vurğulayıb.
Yada salaq ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən toplantıda ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunur.
Foruma Türk Şurasına üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət və özəl qurumların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.