Əməkdar artist Sevinc Sarıyeva: Atam deyirdi ki, ermənilərdən bizə düşmən olmaz

Əməkdar artist Sevinc Sarıyevanın Moderator.az-a müsahibəsini təqdim edirik.

– Sevinc xanım, Ağdam musiqi məktəbinin layiqli yetirmələrindən birisiniz. Bu torpaq daim sənətkarlar, sənətkar ailələri yetişdirib. Yəqin ki, sizə də bu səs ailənizdən keçib…

– Bəli, mənə də səs ailəmdən keçib. Ağdamda səsi olmayan ailə yox idi. Biz 6 bacıyıq, hamımızın səsi var. Anam da o vaxt yas yerlərində mərsiyyə deyərdi. O həm də muğamın bütün növlərini əzbər bilirdi. Bütün xanəndələrin onsuz da axırı mərsiyyə deyəndir də..

– Sənətdə ustadınız kim olub?

– Mənim ilk ustadım Vahid Abdullayev olub. Daha sonra Milli Konservatoriyada xalq artisti Arif Babayevdən 4 il dərs almışam. Mənimlə o vaxt Lalə Məmmədova, İlahə Fəda, İlahə İbadova da birlikdə oxuyurdular. Onu da deyim ki, biz Milli Konservatoriyanın ilk buraxılışlarıyıq.

– İstərdim Ağdamın Mərzili kəndindən, ailənizdən danışasız.

– Mən Ağdamın Mərzili kəndindənəm. Elə gözəl kəndimiz var idi ki.. Kəhrizləri, bulaqları, məktəbi, mədəniyyət evi. Hələ də gözümün önündədir. Bizim kəndimizi də 1993-cü ildə ermənilər işğal edib.

Kəndimizdə iş yerləri çox az idi, ancaq əhali çox idi. Ona görə də kəndin bir çox sakini kimi atam da Xocavənd rayonuna gedib, orda heyvan saxlayırdı, fermada işləyirdi. Ailəlikcə tərəkəmə idik də. Heyvandarlıqla məşğul olurduq.

– Bu günkü gündə kəndinizdən xəbəriniz varmı?

– Nəinki bizim kəndimizdən, bir çox yerlərdən əsər-əlamət qalmayıb ki. Mənfur düşmənimiz oraları xarabalıqa çevirib. Eybi yoxdur, çox az qalıb. Cənab prezidentimizin rəhbərliyi ilə rəşadətli ordumuz o kəndlərin, şəhərlərin, rayonların heç birini işğal altında qoymayacaq. Torpağımız alınan kimi gedib orda yaşayacam. Bəziləri deyir ki, həm Bakıda, həm də orda yaşayacam, mən ancaq yalnız o kənddə yaşayacam.

Biz o torpaqlarda ermənilərlə birgə yaşayırdıq.. Onlar bizim evlərə, biz də onlara gedib-gəlirdik. Rəfiqələrimiz də var idi, nə yalan deyim. Allah onlara lənət etsin.. Evimizin yuxarı başında otuzdurduq onları, görün başımıza nə oyun açdılar.. Ən gözəl yerlərdə onlar yaşayırdı.. Yazıq atam.. (kövrəlir)

– Atanızdan danışarkən yaman kövrəldiniz.. Buna xüsusi səbəb varmı?

– Atam həmişə deyirdi ki, ermənidən bizə düşmən olmaz, o vaxta qədər ki, erməni əlinə əsir düşdü.. Əsir düşüb gələndən sonra dedi ki, “gavırdan adama dost olmaz”.

– Atanızı döyüşdə əsir götürmüşdülər?

– Xeyr, döyüşdə yox. Ağdamın Mərzili kəndi alınanda atam heyvanatı həyətdən çıxaranda ermənilər atamla öz dilimizdə danışıb, onu aldadıb əsir götürmüşdülər. Atama böyük işgəncələr vermişdilər. Atam danışdıqca dəhşətə gəlirdik.. Oturub süfrəmizin başında çörək yeyən adam atama işgəncə vermişdi. Onlara adam da demək olmaz..

– Neçə il əsirlikdə qalmışdı?

– Atam 2 il əsirlikdə qalmışdı. Dişini kəlbətinlə çəkmişdilər, sinəsinə dağ basmışdılar, damarına benzin vurmuşdular. Hansını deyim? İnsanlıqa yaraşmayan əməllər etmişdilər.

– Atanızı əsirlikdən necə qaytardınız?

– Çox zülmlə aldıq! O vaxt  hakimiyyətdə də özbaşnalıq hökm sürürdü. Hərc-məclik idi. Çox böyük bir məbləğlə atamı əsirlikdən qaytardıq, bir növ satın aldıq. Elə acınacaqlı vəziyyət idi ki.. Danışdıqca həmin hadisələr göz önümdə canlanır..

– Maraqlıdır, bu faktları indiyə qədər niyə heç bir yerdə danışmamısız?

– İndiyə kimi heç bir yerdə atamın faciəli şəkildə ölümünü danışmamışam. Ömür boyu bundan istifadə etməmişəm. Biz onu qaytarıb alsaq da, atam çox yaşamadı. Atam sağlığında da deyirdi ki, mən heç vaxt arzu etməmişəm ki, mənim torpağımı düşmən alsın və mənə oradan pul kəssinlər, mən onu alım yeyim. Çox təəssüf ki, atam orada gördüyü işgəncəyə dözməyərək dünyasını tez dəyişdi (ağlayır).

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir