“Azad İran” YouTube kanalı İranla nüvə anlaşmasının bərpası ilə bağlı aparılan danışıqların nəticəsi ilə bağlı sujet hazırlayıb. Danışıqlarla bağlı Rusiyanın istəyinə nail olduğu və İranla 2015-ci il nüvə anlaşmasının bərpası üzrə 11 aydan bəri Vyanada müəyyən fasilələrlə aparılan danışıqların heç bir nəticə vermədən dayandırıldığı vurğulanıb.

Halbuki, cəmi bir neçə gün öncə müzakirələrin iştirakçısı olan bütün tərəflərin, həm İranın, həm də Qərb ölkələrinin elçiləri danışıqların müsbət sonluğa yaxınlaşdığı barədə nikbin bəyanatlar verirdilər.

Martın 5-də Rusiya Federasiyası Vyanadakı müzakirələrlə bağlı yaxın müttəfiqi İranın özü üçün də gözlənilməz olan şərt irəli sürdü. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirdi ki, rəsmi Moskva ABŞ-dan zəmanət tələb edib ki, indi Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyaya tətbiq edilmiş sanksiyalar nüvə anlaşması bərpa olunacağı halda onun İranla əməkdaşlığına şamil edilməyəcək. Özü də bu zəmanət yazılı şəkildə ən azı dövlət katibi səviyyəsində deyilməlidir.

Rusiyanın bu addımı əksər İran təhlilçiləri tərəfindən müsbət nəticənin bir addımlığında olan Vyana danışıqlarının açıq-aşkar sabotaj edilməsi kimi dəyərləndirildi. Daha kəskin reaksiyalar da oldu. Məsələn, sabiq diplomat və beynəlxalq münasibətlər üzrə tanınmış İran eksperti Cavid Qurbanoğlu Rusiya tərəfinin nüvə anlaşmasına qoyduğu şərti “məntiqsiz və əxlaqsız” adlandırdı.

Avropa üçlüyünün, yəni Almaniya, Fransa və Böyük Britaniyanın Vyanadakı nümayəndələri də Hərtərəfli Birgə Fəaliyyət Planı adlanan nüvə anlaşmasına aid olmayan məsələləri Rusiya ilə müzakirə etməyəcəklərini bildirdilər. Rusiya isə öz mövqeyindən çəkilmək niyyətində deyildi. Bu ölkənin İrandakı səfiri Levan Caqaryan mətbuata açıqlamasında bildirdi: “Biz öz mənafeyimizi nəzərdə tutub deyirik ki, bizim İranla mübadilələrimizə zəmanət verilməlidir. Biz danışıqların nəticə verməsini istəyirik, ancaq öz maraqlarımız da özümüz üçün önəmlidir”.

Rusiyanın Vyana müzakirələrindəki təmsilçisi Mixail Ulyanov da İran və ABŞ nümayəndələrinin Rusiyanın təxribatına qarşı əməkdaşlığından əsəbiliyini gizlətməyərək özünün Twitter hesabında yazmışdı: “Nüvə anlaşmasının istər ABŞ-dakı, istərsə də İrandakı əleyhdarları adamı çox mütəəssir edən şəkildə bir ağızdan belə dezinformasiya yayırlar ki, Vyana danışıqlarında Rusiya hökmranlıq edir. Bu, mənə xoş gəlsə də, cəfəngiyatdır”.

Nəhayət, martın 10-da Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bu mövzuya da toxunaraq bildirdi ki, indi ABŞ enerji böhranına görə nəyin bahasına olursa-olsun İranla razılığa gəlməyə və sənəd imzalamağa çalışır. Əslində Putin məsələni bu tərzdə təqdim etməklə, buna imkan verməyəcəyinə eyham vurmuş oldu. Ancaq bu, necə deyərlər, dərdin yarısıdır. Ən pisi odur ki, Tehranın özündə də Rusiyanın maraqlarına uyğun addımlar atılmağa başladı.

İlk növbədə, son həftə ərzindəki müzakirələrdə İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni Sepahın ABŞ-da terrorçu təşkilatlar sırasından çıxarılması tələbi ortaya atıldı. Halbuki bu, hazırkı mərhələdə heç də qabardılmalı olan məsələ deyildi. Daha sonra martın 7-də İranın Vyana danışıqlarındakı əsas müzakirəçisi, Xarici İşlər nazirinin müavini Əli Bağeri Kəni gözlənilmədən Tehrana çağırıldı, baxmayaraq ki, o, cəmi altı gün öncə Tehranı tərk etmişdi. Yada salaq ki, Bağeri Kəni İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin qohumudur və danışıqlarla bağlı təlimatları da birbaşa ondan alır.

Bunun ardınca, martın 10-da Xameneyi Ekspertlər Şurasının, yəni Məcles-e Xobreqanın üzvləri qarşısında çıxışında ənənəvi tezisini – nüvə proqramı məsələsində ABŞ-ın və ümumiyyətlə Qərbin qarşısında geri addım atmamaq fikrini bir daha səsləndirdi. Bununla da İranda hansı siyasi qüvvənin Rusiya prezidentinin səsinə səs verdiyi aşkara çıxdı. Təsadüfi deyil ki, Xameneyinin ofisinin rəhbəri Qulamhüseyn Qolpayeqani martın 9-dakı bir çıxışında Ukrayna böhranının Qərbin Rusiyaya qarşı planı olduğunu, lakin Putinin zirək bir adam kimi qabaqlayıcı addım atdığını söyləyib.

Yada salaq ki, Xameneyinin özü də hələ beş il öncə Putinlə görüşərkən onu çox tərifləmiş, güclü şəxsiyyət, qərar və əməl adamı olduğunu vurğulamışdı. Bu addımlardan sonra Vyana danışıqlarında hər şey dəyişdi. Martın 10-da axşam nüfuzlu “Politiko” nəşri Rusiyanın tələbləri ucbatından İranla nüvə müzakirələrinin pozulmaq ərəfəsində olduğu barədə məqalə dərc etdi. Ertəsi gün məqalədə irəli sürülən ehtimal öz təsdiqini tapdı: Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici amillər ucbatından Vyana danışıqlarında fasilə verildiyini bəyan etdi.

Bu xarici amillərin Rusiyanın şərtləri olduğu isə heç kimdə şübhə doğurmur. Beləliklə, Rusiya Ukrayna böhranından əvvəl nüvə anlaşmasının bərpasına imkan vermədiyi kimi, Ukraynada müharibənin uzandığı bir şəraitdə də İranın maraqlarına uyğun olan sazişin əldə olunmasının qarşısını aldı.

Burada Rusiyanın bir neçə hədəfi vardır: birincisi, ABŞ prezidenti Co Baydenə İranla razılaşma kimi siyasi qələbəni qazanmağa imkan verməmək; ikincisi, İranın razılaşma nəticəsində gündə azı 1 milyon barel əlavə neftlə dünya bazarına çıxmasının qarşısını almaq; üçüncüsü, neftin və qazın dünyadakı yüksək qiymətlərini saxlamaq; dördüncüsü, İran-ABŞ münasibətlərindəki gərginliyin aradan qalxmasına imkan verməmək; beşincisi, Qərblə anlaşa bilməyən İranın Rusiyanın təsir dairəsində qalmasını təmin etmək.

Bütün bunlar Rusiyanın milli mənafelərinə uyğun hədəflər olsa da, İranın milli maraqlarına nəinki xidmət etmir, əksinə, ona ciddi zərbə vurur. İran hakimiyyəti nüvə anlaşmasını bərpa edib dünya enerji bazarında yaranan boşluğu doldurmaq, bununla da ölkəyə ayda azı 4 milyard dolların gəlişini təmin etmək əvəzinə, az qala bütün dünyanın üz döndərdiyi Rusiyanın yedəyində getməyi üstün tutdu. Başqa sözlə, əlinə düşmüş unikal tarixi fürsəti Rusiyanın maraqlarına qurban verdi.

Bu da mediada və sosial şəbəkələrdə ən müxtəlif təbəqələrdən olan İran vətəndaşlarının ciddi etirazına və tənqidlərinə səbəb oldu. Məsələn, şair və jurnalist Dariyuş Memar yazır: “Nüvə danışıqları Rusiyanın mənafeləri naminə dayandırıldı. Sadə və rahatlıqla. İran Rusiyanın müstəmləkəsidir və onu Putinin əlaltıları idarə edir”.

Enerji məsələləri üzrə tanınmış ekspert Omid Şokri isə İran hakimiyyətinə kəskin suallar ünvanlayır: “Nə üçün milli maraqları Rusiyanın mənafelərinə bağlı olan qrupların ayağına bağlayıb atom müzakirələrini dayandırdınız? Nə üçün danışıqları bu qədər uzatdınız? Nə üçün əhalinin ictimai-iqtisadi maraqlarını ideologiyaya, onun-bunun sanksiyalar və terrorçular siyahısından çıxarılmasına fəda etdiniz?” Doğrudan da, nə üçün? Cəhənnəmə gedənə yoldaş olmaq üçünmü?!

İran tarixi fürsəti Rusiyaya qurban verdi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın