“Hər kim, ya da hər hansı hərəkat ABŞ-a inanırsa, böyük səhv edir və yumruq yeyəcək”. Report informasiya agentliyi İran KİV-nə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei İran inqilabının lideri Ayətullah Xomeyninin vəfatının 27-ci ildönümünə həsr edilən toplantıda bildirib.

O, Tehranın regional məsələlər üzrə ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq etməyəcəyini vurğulayıb.

“Böyük şeytan” (ABŞ-ı nəzərdə tutur – Reportun açıqlaması) və “xəbis” Britaniya nüvə məsələsi üzrə razılaşmadakı öhdəliyin yerinə yetirilməsi üçün insan haqları və terrorçuluğun himayə edilməsi kimi müxtəlif bəhanələri əlində əsas tutur”, – deyə ali lider vurğulayıb.

Ötən ilin iyulunda ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya İranla Tehranın nüvə probleminə dair razılaşma imzalayıb. Həmin sənəddə İran sərmayələrin qoyulmasına, xarici ölkə, o cümlədən İslam Respublikasının ABŞ banklarında hesablarına qoyulan həbslərin götürülməsi və başqa qadağaların götürülməsi nəzərdə tutulub. Ancaq bu il aprelin 21-də ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqda qərar qəbul edib.

Qərara əsasən, 2,65 mlrd. dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

1983-cü il oktyabrın 23-də Livanın Beyrut şəhərində “İslami-Cihad” və “Hizbullah”ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində isə 58 fransız əsgər ölüb.

1979-cu il İslam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulub. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın