Prokuror xaricdə qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Mənsur Cumayev və Nəsir Cahangirovun 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Bildirək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2021-ci ildə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Belə ki, istintaqla Azərbaycan vətəndaşları – 1980-ci il doğumlu Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il doğumlu Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılan araşdırmalarla bilinib ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçib. Orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə qoşulub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı M.Cumayev və N.Cahangirov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslər – Mənsur Cumayev və Nəsir Cahangirov istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın