Qəbələ FK Tarixində İlk Dəfə Azərbaycan Kubokunu Qazandı

Bu gün Naxçıvan Muxtar Respublikasının stadionunda Qəbələ Futbol Klubu ilə Sumqayıt FK arasında Azərbaycan Kubokunun final qarşılaşması keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, mövsümün son qarşılaşmasında “Qəbələ” FK və “Sumqayıt” FK üz-üzə gəlib. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun yönəltdiyi görüş “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə sona çatıb. Oyunda vurulan tək qolu 4-cü dəqiqədə kapitan Cavid Hüseynovun ötürməsindən sonra Stiven Monroz başla qapıdan keçirib. Monroz qolu vurduqdan sonra xəstəliyi üzündən oyunu buraxan komandanın bombardiri Ceyms Adeniyinin 17 nömrəli formasını sərgiləyib.

İlk yarı sönük mübarizə şəraitində keçib. “Qəbələ”nin ərazi üstünlüyü olduğu qarşılaşmada fasiləyədək daha bir real qol imkanını da “qırmızı-qaralar” yaradıb. Lakin Lalavele Atakora 41-ci dəqiqədə qapıçı ilə təkbətəkdən yararlana bilməyib.

İkinci yarıda qol vəziyyətləri sarıdan nisbətən zəngin olub. 70-ci dəqiqədə mübahisəli vəziyyət yaranıb. “Qəbələ”nin qapısı qarşısına asmadan sonra Adil Nağıyev başla topu qapıya göndərib. Bu zaman “qırmızı-qaralar”ın müdafiəçisi Bəhlul Mustafazadə topu qapı xətti üzərindən çıxarıb. “Sumqayıt”ın oyunçuları qol tələb etsələr də, baş hakim “davam” deyib. Bundan öncə isə “Qəbələ” bir neçə əlverişli imkanı boşa verib. Oyunun sonlarında da bir neçə təhlükəli epizod yaranıb. 79-cu dəqiqədə “Sumqayıt”dan Ülvü İsgəndərovun cərimə zərbəsindən sonra, 83-cü dəqiqədə isə “Qəbələ”dən Rauf Əliyevin baş zərbəsi qapıdan azacıq yan keçib. Referinin artırdığı 6 dəqiqə də olmaqla, qalan bölümdə də heç bir yaddaqalan epizod baş verməyib. Əvəzində hava qaraldığı üçün projektorlar işə düşüb. Ancaq süni işıqlandırma zəif olduğu üçün elə də effektli olmayıb. Eyni zamanda Rauf Əliyev başından qan açıldığı üçün yerini gənc Rövlan Muradova verib.

Azərbaycan Kuboku 2018/2019 – Final “Qəbələ” 1-0 “Sumqayıt”

“Qəbələ” və “Sumqayıt” komandaları arasındakı Azərbaycan Kubokunun final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Qəbələ FK Tarixində İlk Dəfə Azərbaycan Kubokunu Qazandı

Mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.

Öncə hakimlər briqadasına xüsusi mükafat, “Sumqayıt”a gümüş medallar təqdim olunub. Daha sonra “Qəbələ” səhnəyə dəvət olunub. Komandaya qızıl medal, kapitana isə kubok verilib.

Azərbaycan Kuboku 2018/2019 – Mükafatlandırma mərasimi

Beləliklə, “Qəbələ” 4-cü dəfə yüksəldiyi Azərbaycan Kubokunun final qarşılaşmasında ilk dəfə titul əldə edib. “Qırmızı-qaralar” ölkə kubokunu qazanan 9-cu komanda olub. Bundan qabaq bu mükafatı “Qarabağ” (6 dəfə), “Neftçi” (6 dəfə), “Kəpəz” (4 dəfə), “Bakı” (3 dəfə), “Xəzər Lənkəran” (3 dəfə) “İnşaatçı Bakı”, “Şəfa” və “Keşlə” komandaları əldə edib. Bu, Naxçıvanda 2-ci final qarşılaşması olub. 2016/2017 mövsümündə keçirilmiş ilk finalda “Qarabağ” “Qəbələ”ni 2:0 hesabı ilə udmuşdu.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir