Maqnus Karlsenin atası: Maqnus başçıdır, mən onun işçisiyəm

Şahmat üzrə dünya çempionu, Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin qalibi Maqnus Karlsenin atası Henrik Karlsen yarışın rəsmi saytına müsahibə verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni oxucuların diqqətinə çatdırır. 

– Maqnus Karlsenlə müsahibədən sonra atasıyla danışmaq bizim üçün çox maraqlıdır. Oğlunuzun sizin həyatınıza təsiri çox olub?

– Hər an göz önündə olmağa öyrəşmişik. Öncələr balaca Maqnusa hər kəs adi şahmatçı kimi baxırdı. 13 yaşından sonra – qrossmeyster olandan sonra diqqət artdı. Oğlum həmişə daha çox tanınıb. Mən bununla fəxr edirəm. Şahmata mənə qalib gələn yoldaşlar hər yerdə deyirlər ki, Maqnusun atasını məğlub etmişik. 

– Gəlin ailənizdən danışaq. Neçə uşağınız var?

– Həyat yoldaşım Siqrun Eendir. Bir oğlumuz və üç qızımız var. Maqnusun bacıları Ellen, İnqrid və Siqnedir. Böyüz qızım Ellen də şahmat oynayır. Uşaqlıqda Maqnus elə onu udmaq üçün şahmatla ciddi şəkildə maraqlanmağa başladı. Nəticədə 6 aydan sonra artıq Maqnus bacısını rahatlıqla uda bilirdi. 7 yaşında isə məhəllədəki uşaqlara seans keçirdi.

– Oğlunuz neçə yaşından şahmatı öyrənməyə başlayıb?

– 5 yaşında olarkən Maqnusda şahmata maraq yaratmağa çalışdım. Qısa zamanda fiqurları yadda saxladı. İlk illərdə özəl bacarığı görünmürdü. Onu da deyim ki, heç vaxt onu məcbur etməmişəm. 8 yaşında artıq şahmat məktəbinə getməyə başladı. Bu yaşda olarkən bacılarını asanlıqla udurdu. Ona görə bacılarıyla oynamaq ona maraqsız idi. Maqnus çox vaxt evdə özüylə oynayırdı. Şahmatda özünə qarşı oynamaq çox maraqlıdır. Təsəvvür edirsiniz, sonda həm udursan, həm də uduzursan.

– Uzun illər sizi oğlunuzla birlikdə görürük. Demək olar ki, oğlunuzun ən yaxın köməkçisiniz?

– Norveçdə neft sahəsində mühəndis işləyirdim. Bir neçə il əvvəl işimdən ayrılmağa məcbur oldum. Çünki Maqnusun 15 yaşından etibarən bütün səfərlərdə birlikdə oluruq. Hər zaman yanında olmaq istəyirəm. Uşaq olanda Maqnusa bütün məsələlərdə qərar qəbul etməkdə kömək edirdim. İndi vəziyyət fərqlidir. Oğlum artıq böyüyüb. Bütün qərarları şəxsən qəbul edir. Səfərlər zamanı bəzən məşqçilər, köməkçi, aşbazla birlikdə gedirik. Onlar kimi mən də işçiyəm. Rəhbər Maqnusdur. Ailədə ata kimi bütün məsləhətlərimi dinləyir. Ancaq burada Maqnus başçıdı, mən onun işçisiyəm.

– Maqnus Karlsenin komandası neçə nəfərdən ibarətdir?

– Dəqiq cavab verməkdə çətinlik çəkirəm. Maqnus Şəmkirə atası, köməkçi-məşqçisi və aşbazıyla gəlib. Çox vaxt turnirdən asılıdır. Məsələn dünya şahmat tacı uğrunda görüşə hazırlaşarkən komandamızda çalışan insanların sayı artır.

– Komanda üzvləri Maqnusa necə yardım edir?

– Mən demək olar ki, 24 saat işləyirəm. Yarışlarla bağlı təqvim, səfər vaxtlarını dəqiqləşdirirəm.  Eyni zamanda onun şirkətdəki işlərini aparıram. Kitablarının çap olunmasına nəzarət edirəm. Aşbaz səfər zamanı lazım olur. Bəzən bizə qərb mətbəxi təqdim olunur. O zaman Maqnusun aşbazı bizi öyrəşdiyimiz yeməklə təmin edir. Amma evdə olduğumuz vaxt yeməyi anası hazırlayır.

– İki illik fasilədən sonra yenidən Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdən dəvət gələndə oğlunuzun münasibəti necə oldu?

– Maqnus Şəmkir turnirini çox sevir. Çünki burada şahmat oynamaq üçün bütün şərait var. Sadəcə biz bir neçə ay öncədən bütün yarışlarımızı təsdiqləyirik. Bu dəfə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov bağlantı qurdu və bildirdi ki, turniri Maqnusa uyğun tarixlərdə keçirməyə çalışacaqlar. Nəticədə Şəmkir yarışında iştirakımız təsdiqləndi. Şəmkirə gəldiyi il həmişə qalib olub. Ona görə oğlum dəvəti məmnuniyyətlə qəbul etdi. Sadəcə dünya çempionu olandan sonra təkliflər çoxalıb. Hətta bir il əvvəldən turnirlərə dəvət alırıq. Hamısına razılaşmaq mümkün deyil.

– Maqnus Karlsenə başqa dövlətin şərəfini qorumaq təklif olunub?

– Belə məsələ heç vaxt olmayıb. Hər halda mən eşitməmişəm. Milli komandalar səviyyəsində o həmişə Norveçin şərəfini qoruyub. İnanın, oğlum pul barədə düşünən insan deyil.

– Norveç daha çox qış idman növləriylə tanınır. Bu mənada Maqnusun uğurları Norveçdə necə qarşılanır?

– Razıyam. Norveçdə hamı övladının qış idman növləriylə məşğul olmasını istəyir. Amma Maqnus başqa yolu seçdi. Onun uğurları Norveçdə böyük qələbə kimi qarşılanır. Şahmatın daha çox sevilməsinə təkan olur.

– Adətən idmançılar karyeralarını başa vurmazdan öncə bizneslə məşğul olurlar. Sirr deyilsə Maqnusun hansı şirkətləri var?

– Bizim elə böyük işlərimiz yoxdu. Əsas gəlir əlbəttə şahmatla bağlıdır. Turnirlərdə mükafatları, sponsorlarla müqavilələri nəzərdə tuturam. Şahmatdan kənar “Play Magnus” adlı internet layihəmiz var. Telefona yükləyəndən sonra orada şahmatı öyrənmək mümkündür. Özəlliyi ondan ibarətdir ki, siz burada Maqnusa qarşı oynaya bilərsiniz. Yaşı seçirsiniz. Məsələn 7 yaşlı Maqnusa qarşı oynamaq olar. Və ya 11 yaşlı Maqnusla qarşılaşmaq mümkündür. “Play Magnus” pulsuz yüklənir. Əgər Maqnus qarşı oynaya bilmirsənsə onda kompyuterdən kömək istəyirsən. Kömək ödənişlidir – cəmi 1 dollar. Hazırda təxminən 3 milyon insan “Play Magnus”dan istifadə edir.

– Üç bacısı var. Ancaq ailədə Maqnus daha çox tanınır. Bacıları buna necə münasibət bəsləyir?

– Normal. Çox mehriban övladlardı. 4-5 il əvvəl Maqnus Almaniyada özünü model kimi sınadı. İki müxtəlif şirkətin geyimini reklam etdi. Bax onda bacıları onu qısqanırdı. Deyirdilər ki, bu insan şahmatçıdır, model sahəsinə nə vaxt başladı? (gülür)

– Oğlunuzun çoxlu pərəstişkarları var.  Bəs sevgilisi?

– O barədə özündən soruşun. Şəxsi işlərinə qarışmıram, ona görə cavab verməkdə çətinlik çəkirəm.

– Özü bu suala cavab vermədi…

– Yalnız deyə bilərəm ki, təxminən 1 il əvvəl qız dostu var idi. Müəyyən müddət dostluq etdilər.

– Hansı yeməkləri xoşlayır?

– İtaliya mətbəxinə çox sevir. Son illər Asiya yeməklərinə münasibəti yaxşı mənada dəyişib. Dadmağı xoşlayır.

– Oğlunuz “Real” fanatıdır. Doğurdan sevimli klubu uduzanda oyundan sonra Maqnusa yaxınlaşmaq məsləhət deyil?

– Adətən hisslərini özündə saxlayır. Heç kimə nümayiş etdirmir.

– Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess turniri ilə bağlı düşüncələrinizi bilmək maraqlıdır…

– Yarış çox yüksək səviyyədə keçirilir. Buna görə təşkilatçılara təşəkkür etməyə özümə borc bilirəm. Başqa tərəfdən Şəmkir çox gözəl şəhərdir. Sakit şəhər, həm də gözəl təbiəti var. Maqnus adətən belə şəhərlərdə yarışda iştirak etməyi çox sevir. Tıxac yoxdur. Önəmlisi həm də yarışın Vüqarın xatirəsinə olmasıdır. Çox sevinirəm ki, Azərbaycan onun adını əbədiləşdirir. Həşimov böyük şahmatçı olub. Onun oyunları, tərbiyəsi çoxları üçün nümunədir. Vüqarı həmişə gülərüz xatırlayıram. Uduzanda belə biruzə vermirdi. Qalib gələndə rəqibə hörmətlə yanaşırdı. Maqnus da söyləyirdi ki, Vüqar onu çətinliyə salmağı bacaran şahmatçı idi.

– Berlində təşkil edilən İddiaçılar turnirini izləyirdinizmi?

– Sizə bir sirr söyləyəcəm. Ümid edirəm müsahibəni Maqnus oxumayacaq. Səhv etmirəmsə 2004-2005-ci illərdə gənclər arasında dünya çempionatı keçirilirdi. Orada gənc Şəhriyar gözəl oyunlar sərgilədi və birinci yeri tutdu. O vaxtdan etibarən Məmmədyarova azarkeşlik etməyə başladım. Sözsüz ki, sonralar yalnız Maqnusun azarkeşi olmuşam. Berlindəki yarışa  gəldikdə müəyyən partiyalara baxmışıq. Məmmədyarovun qalib gəlməyə şansları yüksək idi. Bir addım çatmadı, bununla belə gələcəkdə o addımı atmağa potensialı var.

– Geniş müsahibəyə görə çox sağ olun.

– Mən də sizə çox sağ ol deyirəm. Bildirmək istəyirəm ki, hər gün Allahıma təşəkkür edirəm. Oğlum 13 yaşında qrossmeyster olub. indi dünya çempionunun atasıyam. Maqnus hər il müxtəlif yarışlarda qələbə qazanır. Xoşbəxtlik üçün daha nə gərəkdir. Özümü xoşbəxt duyuram.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir