Azərbaycan göllərindən söz düşəndə, şübhəsiz, ilk olaraq Göygöl və Maralgöl göz önünə gəlir. Bu gözəl yerlərin qapıları artıq bir ildir ki, turistlərin üzünə açıqdır. Ecazkar təbiət gözəlliyini görmək istəyənlərin sayı gündən-günə artmaqdadır.

1139-cu ildə Gəncədə baş verən zəlzələ zamanı Kəpəz dağının uçması nəticəsində Ağsu çayının qarşısı kəsilib və tərkibində 7 böyük, ümumilikdə isə 19 göl olan şəbəkə yaranıb. Onlardan bir neçəsinin adı xalq arasında daha çox tanınır. Bunlar Maral, Zəli, Qara, Ördək, Çoban, Turist və başqa göllərdir. Bu göllərin hər biri özünəməxsus şəkildə gözəl, füsunkar və ecazkardır. Onların hamısını ayrı-ayrılıqda görmək, gözoxşayan gözəlliklərini yaxından seyr etmək üçün isə bir neçə gün lazımdır.

Goygol, Maralgol və Kəpəz dağı
Kəpəz dağı

Kəpəzin aynası – Göygöl

Göygöl Azərbaycanın ən gözəl təbiət muzeyi sayılır. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800, eni 800-1000 metrdir. Dərinliyi isə 96 metrə çatır. Hələ 1910-1912-ci illərdə rusiyalı səyahətçilər bu ərazilərin gözəlliyi barədə maraqlı fikirlər söyləyiblər.

Göygöl milli parkı 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğunun bazasında, ona bitişik meşə və dövlət torpaqlarının hesabına təşkil edilib. Göygölün faunası olduqca zəngindir, burada qorunmaqda olan forel balıqları üstünlük təşkil edir. Ətrafdakı meşələrdə isə Qafqaz maralı, vəhşi keçi, Sibir Samuru, vəhşi donuz və başqa heyvanlar var.

Göygölə 7-dən 77-yə qədər hər kəs üz tutur

Göygöl
Göygöl

Göygöl Milli Parkının turistlər üçün yenidən açılması bu yerlərə marağı daha da artırıb. Son illər burada əsaslı ekoloji və infrastruktur layihələri gerçəkləşdirilib. Təxminən hər gün 2 minə yaxın turist buradakı gözəllikdən zövq alır. Onların arasında xarici ölkələrdən gələn xeyli sayda qonaqlar da var.

Kompleks səhər saat 9-dan axşam saat 20.00-a qədər işləyir. Parka giriş adambaşına 2 manatdır. Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına 25 faiz güzəşt nəzərdə tutulub. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.

Göygöl təkcə yay aylarında deyil, qışda da çox gözəl olur. Qış turizminin inkişafı üçün də bu ərazilər çox əlverişlidir. Burada hətta qış aylarında xizək sürmək üçün şərait də var.

Göllər gözəli – Maralgöl

Zəlzələnin yaratdığı gözəllik: Göygöl və Maralgöldən Video Reportaj
Maralgöl

Gözoxşayan mənzərəli məkanlarımızdan biri də Maralgöldür. Bu göl haqqında bir çox rəvayətlər qoşulub, gözəlliyi vəsf olunub. Maralgöl Göygölün yaxınlığında yerləşir, aralarında təxminən 400 metr hündürlük fərqi var. Maralgölün dəniz səviyyəsindən hündürlüyü 1910 metr, uzunluğu 700 metr, eni 500 metr, sahəsi isə 23 hektardır. Dərinliyi 60 metrə çatır.

296 pilləkən və ecazkar gözəllik

Maralgölə qalxmaq istəyən ziyarətçilər üçün xüsusi avtobuslar fəaliyyət göstərir. Göygölə gələn turistlər Maralgölü ziyarət etməmiş getmirlər. Göllər arasındakı məsafə təxminən 25 dəqiqəlik yoldur. Maralgölə qalxmaq isə qədər də asan deyil. Təbiətin bu ecazkar gözəlliyini görmək üçün nə az, nə çox, düz 296 pilləkən qalxmaq lazımdır.

Dağlar qoynunda olan bu göldə havanın təmizliyini, oksigen ilə zənginliyini o dəqiqə hiss etmək mümkündür. Göygöldən fərqli olaraq bu gölün düz sahilinə qədər enmək mümkündür, zibilləməmək, suyu çirkləndirməmək şərti ilə.

Diqqət! Göygöl və Maralgölü təmiz saxlayın

Göygöl Milli Parkının yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə əlaqədar burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daim nəzarət və tədbirlər həyata keçirilir. Həm Göygöl Milli Parkının, həm də Maralgöl ərazisində müəyyən olunmuş davranış qaydaları tətbiq edilir. Vətəndaşlar üçün bununla bağlı məlumatlandırıcı tablolar quraşdırılıb. Kompleksə üz tutan vətəndaşlar, ilk növbədə, şəkil çəkdirməyə üstünlük verirlər. Nəzarətçilərin sözlərinə görə, göldə çimmək istəyənlər də olur. Onlara bu göllərdən Gəncə şəhərinə içməli su verildiyi, buna görə burada çimməyə icazənin olmadığı izah edilir.

Bir sözlə, Göygöl və Maralgöl ərazisinə daxil olan hər bir turist Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara riayət etməlidir.

Yeri gəlmişkən, qeyd edək ki, bu il Milli Parka təxminən 182 mindən çox turist səyahət edib. Onların yarıdan çoxu məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Həmçinin göllər ərazisini 2000-dən çox xarici turist ziyarət edib.


Zəlzələnin yaratdığı gözəllik – Göygöl və Maralgöldən Reportaj

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın