Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar yeddi min manat cərimələnəcək.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilib.

Yeni maddəyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni Azərbaycan Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;

– Ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;

– Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;

– Banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə – vəzifəli şəxslər 1 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə – vəzifəli şəxslər 500 manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.

Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə- vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın